Əsas Səhifə > Güney Press > Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadırBu gün, 17:43 |
|
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Azərbaycana ilk dövlət səfərinə gəlmişdir. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Həmçinin həmin gün Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin iki dövlət başçısının iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
Müasir beynəlxalq münasibətlər sistemində yeni regional güc mərkəzlərinin formalaşması fonunda Azərbaycanın Mərkəzi Asiya regionu, xüsusən də geostrateji tərəfdaşı olan Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr müstəsna əhəmiyyət kəsb edir. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.
Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksək etimad mühiti iki ölkənin intensiv xarakter daşıyan yüksəksəviyyəli qarşılıqlı səfərlərində və davamlı siyasi dialoqda aydın şəkildə özünü göstərir. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.
Türkmənistan tərəfi də eyni intensivliklə qarşılıqlı münasibətlərə töhfə verir. 2023-cü ildə Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ildə Qəbələdə keçirilən sammitdə iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafını təsdiqləyən mühüm hadisələrdəndir. Qəbələ şəhərində keçirilən tədbir regional əməkdaşlıq formatlarının genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Türkmənistan arasında hüquqi-normativ baza da kifayət qədər geniş və əhatəlidir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənədin imzalanması əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. Bu sənəd bazasının daha da genişləndirilməsi isə 2026-cı ilin iyunun 22-23-də Sərdar Berdiməhəmmədovun Azərbaycana ilk rəsmi dövlət səfəri çərçivəsində inkişaf etdirilib, rəsmi mərasim zamanı Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin mübadiləsi edilib.
Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-loqistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir.
Belə ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə üzərindən keçən tranzit yüklərin həcmi 15 faiz artaraq 2,344 tona çatıb. Nəqliyyat sektorunda aktivlik fonunda ticari əlaqələr də öz dinamikasını qoruyur. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon dollar olaraq qeydə alınıb.
Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.
Karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi, birgə işlənməsi və dünya bazarlarına çıxarılması Bakı–Aşqabad münasibətlərinin strateji istiqamətlərindən birini təşkil edir. 2021-ci ildə Xəzər dənizdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında anlaşma memorandumunun imzalanması regionun sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Azərbaycan Türkmənistanın zəngin enerji resurslarının Qərbə ötürülməsində mühüm tranzit tərəfdaşıdır. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng infrastruktur layihələri Türkmənistan resurslarının dünya bazarına inteqrasiyasında mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə enerji təhlükəsizliyinin gücləndirilməsinə deyil, eyni zamanda, Xəzər regionunda iqtisadi əlaqələrin və regional tərəfdaşlığın inkişafına xidmət edir.
İki ölkə arasında dostluğun daha bir nümunəsi isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasiminin keçirilməsidir.
Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür.
Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
Bundan əlavə, 2025-ci ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Avazada keçirilən beynəlxalq forumda iştirak edib. Eyni zamanda, səfər çərçivəsində Q.Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüş keçirilib, fondlar arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Mətbuata bəyanatda ölkə başçısı bildirib ki, “münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər”.
Azərbaycan və Türkmənistanın formalaşdırdığı bu strateji ox təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır. Şərq-Qərb dəhlizinin funksionallığında əsas həlqə olan bu tərəfdaşlıq regional sabitliyin və logistik təhlükəsizliyin qarantına çevrilir.
Münasibətlərin bu yüksələn dinamikası fonunda gözlənilən dövlət səfəri əldə olunmuş razılaşmaları hüquqi müstəvidə möhkəmləndirərək, bu strateji tərəfdaşlığın institusional əsaslarını daha da sarsılmaz edəcək.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"
Geri qayıt |