Əsas Səhifə > Güney Press / Partiya > Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır

Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır


Bu gün, 16:34

Gürcüstanda 2024-cü il əhali siyahıyaalınmasının nəticələri ölkədə yaşayan etnik azərbaycanlıların sayının artdığını göstərir. Rəsmi məlumatlara əsasən, qonşu ölkədə 268 min 832 azərbaycanlı yaşayır ki, bu da 2014-cü illə müqayisədə 15,4 faiz çoxdur. Maraqlıdır ki, bu artım Gürcüstanın ümumi əhali artımını da üstələyir. Belə ki, son on ildə ölkə əhalisi 5,8 faiz artaraq 3,9 milyon nəfərə çatıb. Azərbaycanlılar say baxımından etnik gürcülərdən sonra ikinci ən böyük icma olaraq mövqelərini qoruyur, 169 min 296 nəfərlə ermənilər isə üçüncü sırada yer alır. Bu statistika Gürcüstandakı azərbaycanlı icmasının demoqrafik çəkisinin artdığını göstərməklə yanaşı, onların ölkənin ictimai, iqtisadi və siyasi həyatındakı rolunun da daha da güclənməsi perspektivlərini gündəmə gətirir.

ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların sayının artması müsbət haldır:

“Ən azından Gürcüstandan köç dayanıb. Bu hal onu deməyə əsas verir ki, Gürcüstanda yaşayan azərbaycanlıların artıq inteqrasiyası sürətlənib. Onlar dili öyrənir, siyasətdə iştirak edir və seçkilərə qatılaraq seçib-seçilmək hüquqlarından istifadə edirlər. Həmçini Gürcüstanda biznes üçün daha yaxşı şərait yaradıldığında artıq, başqa ölkələrə köçməyə ehtiyac qalmır. Ordakı azərbaycanlılar kifayət qədər bacarıqlıdırlar və özlərinə biznes quraraq pul qazana bilirlər. Bu özü-özlüyündə müsbət bir haldır ki, bizim soydaşlarımızın tarixən yaşadığı torpaqlarda əhali azalmır, əksinə sayı artır. Sözügedən hal Azərbaycan-Gürcüstan münasibətlərinə də müsbət təsir göstərir. Çünki Azərbaycan ərazisində də 40-50 minə yaxın gürcü əsilli vətəndaşlarımız yaşayır”.


Geri qayıt