Əsas Səhifə > Güney Press > Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq?

Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq?


Bu gün, 11:11

“Avqustun ayının 1-də Arif müəllimin bizdən ayrılığının birinci ildönümüdür. Hələ də yoxluğuna inanmırıq. Otağı boş qalıb. Gəlib qapısını açıb baxıram, onun ruhunu hiss edirəm. Bəzən deyirəm ki, kaş evdə, yanımızda olardı, ona ömrümün sonuna qədər qulluq edərdim. Onu itirəndən elə canımla əlləşirəm. Ürəyimdə fikirləşirəm ki, Allah sən demə ona baxmaq üçün mənə qüvvə veribmiş. Arzulayıram ki, mənə Ağdamdan ev versinlər. Orada gedib qalsam bəlkə də sağlamlığıma qovuşaram. Nəzakət Teymurova, Aygün Bayramova, Cabir Abdullayev və həyat yoldaşı tez-tez zəng edib maraqlanırlar. Məni heç unutmurlar. Nəzarətdə saxlayırlar”.

Bunu Moderator.az-a açıqlamasında mərhum xalq artisti, xanəndə Arif Babayevin ömür-gün yoldaşı Gültəkin Babayeva deyib.

O daha sonra Arif Babayevin Ağdam şəhərində muzeyinin nə vaxt yaradılacağı ilə bağlı sualı cavablandırıb:

“O vaxt Ağdamda quruculuq işləri aparılanda orada səlahiyyətli şəxslərdən birinə bunu demişdilər. O da demişdi ki, Arif Babayev üçün etməsək, kimin üçün edəcəyik?! Gözləyirik də, görək nə vaxt təşkil edəcəklər. Bilirsiz ki, Ağdamda quruculuq işləri aparılır, hələ ki, ailələr köçürülür. Yəqin ki, bir müddət sonra artıq mədəniyyət evləri də, ev muzeyləri də təşkil olunacaq. Bilirsiz ki, Arif müəllimin mən evdə muzeyini yaratmışam. Bir ev dolusu əşyaları var. Hamısını hazırlayıb qoymuşam ki, Ağdamda muzey təşkil olunsun, ora aparım” deyə Gültəkin Babayeva deyib.

Qeyd edək ki, Arif Babayev ötən il avqust ayının 1-də dünyasını dəyişib. Mərhum sənətkar Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.


Geri qayıt