Əsas Səhifə > Güney Press > Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək?

Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək?


Bu gün, 10:45

“Azərbaycan Kinomatoqrafçılar İttifaqının (AKİ) İdarə Heyəti toplanaraq qurultayın keçirilib-keçirilməməsi, əgər olacaqsa nə zaman təşkil olunması barədə qərar verəcək. Lakin İdarə Heyətinin iclasının vaxtı dəqiqləşməyib”.

Bunu Ölkə.az-a açqılamasında ittifaqın katibi, tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O bildirib ki, AKİ hazırda fəaliyyətini əvvəlki qaydada davam etdirir və mayın 26-da keçirilən tədbiri qurultay kimi qəbul etmirlər:

“Bizim üçün tədbir olmayıb, sadəcə bir qrup insan yığışıb öz aləmində guya konfrans keçirib, yəni onun bizim işimizə heç bir təsiri yoxdur. İş öz axarı ilə gedir. Rəhmətlik Rasim Balayevin sədrliyini Nizamnaməyə görə birinci katib Şəfiqə Məmmədova yerinə yetirir.

İndi biz İdarə Heyəti olaraq yığışıb qərara gələcəyik ki, konfrans keçirəkmi, bu saat yeni sədrə ehtiyac varmı, yoxdurmu? Ümumiyyətlə, bəlkə qurultay keçirməyək. Keçirəndə nə vaxt keçirək? Bununla bağlı bir qərara gələcəyik. İndi isə işimiz köhnə qaydası ilə davam edir”.

İdarə Heyətinin iclasının nə vaxt keçiriləcəyinə gəlincə, B.Vəziroğlu bildirib ki, buna AKİ katibliyi qərar verir: “Avqustun 2-si Kino Günüdür, ona hazırlaşırıq. İdarə Heyətinin toplanması barədə hələ ki, heç düşünmürük. Belə hesab edir ki, hazırkı vəziyyətdə qeyri-adi heç nə yoxdur. Bu saat sədrin olmaması və birinci katibin onu əvəz etməsi normal bir hadisədir. Nə var ki? Azərbaycan Kinomatoqrafçılar İttifaqı sex, ya da yanğınsöndürmə idarəsi deyil ki?!”.

Əli İsa Cabbarov və başqalarının keçirdiyi tədbirdən sonra ittifaqdan çıxarılması gözlənilirmi sualına gəldikdə isə B.Vəziroğlu qeyd edib ki, iştirak edənlərin qurumdan uzaqlaşdırılması gözlənilmir:

“İttifaqdan niyə çıxarılmalıdırlar? Orada nə var ki? Cavandılar. Biz cavanlıqda o qədər elə səhvlər etmişik. Dünya dağılmayıb ki.

Onlar İrəvandan, Paşinyanın yanından gəlməyiblər. Onlar da bizim iş yoldaşlarımızdır. Kimdir ki onlar? Eyni qaydada işgüzar münasibətlər, əgər kiminsə dostluğu varsa, davam edir”.

B.Vəziroğlu söyləyib ki, AKİ-də əksəriyyət Xalq artisti Şəfiqə Məmmədovanın ittifaqa rəhbərlik etməsini dəstəkləyir:

“Hamı razı ola bilməz və bu, təbii haldır. Onların da konfrans keçirib özlərinə sədr seçmələrindən bəlli oldu ki, Şəfiqə xanımdan hamı razı deyilHamının razı olması vacib deyil. Həmişə seçkini əksəriyyət və səs çoxluğu həll edir.

Ona görə də belə bir şey deyə bilmərik ki, Şəfiqə xanım bütdür və hamı ona itaət etməlidir. Heç birimiz ideal deyilik. İndi onu sədr kimi görmək istəyənlər də var, istəməyənlər də var. Bütün bunları həll etmək üçün isə həmişə ümumi yığıncaqlar, yəni qurultaylar keçirilir.

Əsas ittifaqın bel sütunu var. Onlar istəyirlər ki, Şəfiqə xanım elə birinci katib kimi sədri əvəz etsin. Sonra lazım olsa, sədr seçilsin. Yəni ənənələr davam etsin”.

Qeyd edək ki, AKİ sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. Bundan sonra Nizamnaməyə uyğun olaraq, ittifaqın rəhbəri səlahiyyətlərini birinci katib, məşhur Xalq artisti Şəfiqə Məmmədova icra etməyə başlayıb. Daha sonra İdarə Heyəti yeni sədr seçmək üçün qurultayın keçirilməsi barədə qərar qəbul edib.

Mayın 26-da “Landmark” hotelində keçirilən toplantıda (iştirakçılar bunu AKİ-nin növbədənkənar qurultayı adlandırır, qarşı tərəf isə qanunsuz yığıncaq-red) qurumun katibi, rejissor Əli İsa Cabbarov AKİ-nin yeni sədri seçilib. Lakin ittifaqın bir qrup üzvü tədbirə qatılmayıb və nəticələri tanımırlar.


Geri qayıt