Əsas Səhifə > Güney Press > Anasını itirən Ləman əməliyyat masasında
Anasını itirən Ləman əməliyyat masasındaBu gün, 13:23 |
|
Bu gün, Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Hümbətovanın qızı, 2000-ci il təvəllüdlü Ləman Qulamova Türkiyənin Acıbadem xəstəxanasında ağır bir əməliyyata götürüləcək. Musavat.com xəbər verir ki, Ləman Qulamovanın səhhətində anası və daha 2 nəfərin ölməsi, özü də daxil olmaqla 25 nəfərin zəhərlənməsi ilə nəticələnən yanğın zamanı ağır fəsadlar əmələ gəlib. Məşum faciə 2025-ci il noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş verib. Rəsmi məlumata görə, binanın zirzəmi hissəsində başlayan yanğın qısa müddətdə genişlənərək bütün binanı tüstüyə bürüyüb. Hadisə nəticəsində 2018-ci il təvəllüdlü Arzu Qəmbərli, 1983-cü il təvəllüdlü Samir Məmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova tüstüdən zəhərlənərək həyatlarını itiriblər. Hadisə zamanı Könül Hümbətovanın qızı, 2000-ci il təvəllüdlü Ləman Qulamova ilə yanaşı daha 24 nəfər ağır və müxtəlif dərəcəli zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər. Dəhşətli hadisədən ötən aylar ərzində Ləman Qulamovanın durumu stabilləşsə də, hələ də süni tənəffüs aparatı ilə həyatda qala bilir. Sərbəst qidalana bilmir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə cinayət işi üzrə araşdırmalar aparılır. İlkin araşdırmalar göstərib ki, yanğın binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində baş verib. Həmin sahə “TAXES GROUP” MMC tərəfindən icarəyə götürülmüş və burada “Loft Dent” klinikası fəaliyyət göstərib. Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində aparılan istintaq zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair ciddi şübhələr ortaya çıxıb. İstintaqın gəldiyi qənaətə görə, klinikanın direktoru Bəhruz Paşayev üzərinə düşən yanğın təhlükəsizliyi öhdəliklərini yerinə yetirməyib və nəticədə baş vermiş hadisə üç nəfərin ölümü ilə nəticələnib. Bu səbəbdən o, əvvəlcə şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümü) və 314.3-cü maddəsi (ağır nəticələrə səbəb olan səhlənkarlıq) ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə araşdırmaların həcmi və ekspertiza proseslərinin davam etməsi səbəbindən Bəhruz Paşayev barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. Həmin dövrdə prokurorluq istintaqın davam etdiyini və hadisədə başqa şəxslərin məsuliyyətinin olub-olmamasının da araşdırıldığını açıqlamışdı. Geri qayıt |