Əsas Səhifə > Güney Press > Kişi keçmiş arvadı ilə münasibəti olan şəxsin qardaşını döydü

Kişi keçmiş arvadı ilə münasibəti olan şəxsin qardaşını döydü


Bu gün, 10:05

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ramil Tahirovun (adı, soyadı şərtidir) barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Ramil Tahirovun keçmiş həyat yoldaşı və həmkəndlisi Fərəc Vahidovun (adı, soyadı şərtidir) arasında əvvəllər intim münasibətləri olub. Bu səbəbdən tərəflərin ailələri arasında münasibətlər pozulub. Bundan əlavə, Fərəcin qardaşı, zərərçəkmiş Famil Vahidov (adı, soyadı şərtidir) tərəfindən 2025-ci ildə Şəmkir rayonunda yerləşən çayxanalardan birində təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədilməsi onların arasında yaranmış gərginliyi daha da artırıb.

İstintaqla müəyyən olunub ki, baş vermiş hadisəyə aydınlıq gətirmək məqsədilə Ramil yaşadığı ərazidə yerləşən uşaq bağçasının yaxınlığında Famillə görüşüb. Görüş zamanı tərəflər arasında əvvəlki narazılıqlarla bağlı mübahisə yaranıb. Mübahisə zamanı tərəflər qarşılıqlı olaraq bir-birlərinin ünvanına nalayiq ifadələr işlədib, daha sonra isə münaqişə fiziki qarşıdurmaya çevrilib. Ramil şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Famildən qisas almaq niyyətilə ona əl və ayaq zərbələri endirib.

Nəticədə zərərçəkmiş şəxsə sağ almacıq nahiyəsinin, hər iki yanağın, sol qulaq seyvanının arxa səthinin sıyrıqları, döş qəfəsinin arxa və sol yan səthinin, eləcə də sağ bud nahiyəsinin qançırları yetirilib. Həmin xəsarətlər sağlamlığın pozulmasına səbəb olmadığından onların dərəcəsi müəyyən edilməyib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Ramil Tahirovun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilib. Belə ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq olunaraq o, cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunub.


Geri qayıt