Əsas Səhifə > Güney Press > Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilərBu gün, 17:06 |
|
Məlum olduğu kimi, Ukraynanın son aylarda Rusiyanın neft emalı zavodlarına (NEZ) və enerji infrastrukturuna endirdiyi zərbələr ölkənin yanacaq sektorunda ciddi problemlər yaradıb. Məlumatlara görə, hücumlar nəticəsində Rusiyanın bir sıra iri neft emalı müəssisələrinin fəaliyyəti tam və ya qismən dayanıb, bu isə ölkənin müxtəlif regionlarında yanacaq qıtlığı və uzun növbələrin yaranmasına səbəb olub. Rusiyanın neft emalı potensialının zəifləməsi isə regionda neft və yanacaq ixrac edən qonşu ölkələr üçün yeni iqtisadi imkanlar yarada bilər. Rusiyanın neft emalı sektorunda yaranan boşluqdan hansı qonşu ölkələr faydalana bilər? Mövcud vəziyyət fonunda Azərbaycanın enerji ixracında artım ehtimalı nə dərəcədə realdır? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Rusiyada emal sənayesindəki itkilər həm ixracı, həm də daxili enerji balansını pozur: “Rusiyanın neft hasilat həcmləri azalsa da, sanksiyalar səbəbindən onsuz da ixrac edə biləcəyi qədər hasilat həyata keçirə bilir. Lakin emal sənayesində baş verənlər, yəni neft emalı müəssisələrinin sıradan çıxarılması, Rusiyanın təkcə ixrac istiqamətində deyil, daxili təchizatında da problemlər yaradır. Yəni bu gün Rusiya öz daxili tələbatını ödəməkdə müəyyən çətinliklərlə üzləşir”. İqtisadçı-ekspert vurğulayıb ki, Azərbaycan Rusiyanın daxili və ixrac bazarını əvəz edə bilməz: “Amma Azərbaycan belə bir şəraitdə Rusiyanın nə daxili bazarındakı, nə də məhsul ixrac etdiyi ölkələrdəki tələbi qarşılamaq gücündədir. Çünki ölkəmizdə neft emalı müəssisələri, xüsusilə də benzin istehsalı o qədər formalaşmayıb ki, Rusiyanın əvəzinə geniş həcmdə məhsul ixrac edə bilək. Bu, xüsusilə yüksək oktanlı benzin və digər neft məhsullarına aiddir”. Eldəniz Əmirov qeyd edib ki, Rusiya bazarındakı boşluğu başqa ölkələr tuta bilər: “Azərbaycanın neft məhsulları ixracı var və bu ixrac mümkün qədər həyata keçirilir. Lakin konkret neft məhsullarının, yəni Rusiyada dağıdılmış, fəaliyyətini itirmiş və ya zərər görmüş emal müəssisələrinin yaratdığı boşluğu doldurmaq üçün Azərbaycanda kifayət qədər emal gücü yoxdur. Bu baxımdan, Rusiyanın boşaltdığı bazarları digər ölkələr, o cümlədən Şərqi Avropa və Avropa dövlətləri, eləcə də Körfəz ölkələri kompensasiya edə bilər. Yəni Rusiyanın boşaltdığı bazarları həmin ölkələr tuta bilər”. Əfsanə Rəcəb Geri qayıt |