Əsas Səhifə > Güney Press > “Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”

“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”


Bu gün, 12:19

“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi” - FOTO+ÖZƏL

“Bugünlərdə Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramım baş tutdu. Bu təklif və dəvət bizə filarmoniyanın rəhbərliyindən gəldi. Biz də böyük məmnuniyyətlə qəbul etdik. Özünüz də bilirsiniz ki, konsert vermək çox məsuliyyətli və çətin işdir. Bundan əlavə musiqiçilərlə, orkestirla məşqlər, mahnı seçimləri uzun çəkən bir prosesdir. Bakı Kamera orkestrinın dirijoru Fuad Allahverdiyev, “Xarıbülbül” muğam qrupunun rəhbəri, əməkdar artist Əliağa Sədiyev başda olmaqla biz çalışdıq ki, Azərbaycanın klassik mahnılarını yeni üslubda ifa edək. Muğamsevərlərə gözəl bir gecə yaşatdıq. Bizim xüsusi tamaşaçılarımız var. Sağ olsunlar ki, xalq musiqisinə, muğam sənətimizə bu cür qiymət verirlər”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, muğam ustadı Nəzakət Teymurova deyib.
O daha sonra əlavə edib:
“Xanəndə, ifaçı, müğənni sənətdə öz izini qoyub, fərqlənməlidir. Burada əlbəttə ki, repertuar da, ifa tərzi də böyük rol oynayır. Bütün komandamızın məqsədi və amalı da məhz bu idi. Necə ki, bizə ustadlarımız özlərindən sonra bu sənəti miras qoyublar, biz də özümüzdən sonra tələbələrimizə bunları yadigar qoymalıyıq. Xanəndə yerində saymalı deyil. Yeni-yeni ifalar etməli, yeni-yeni repertuarlara müraciət etməlidir. Muğam bizim keçmişimizdir. Bunları peşəkar, professional səviyyədə göstərmək lazımdır. Hər bir ifaçı öz üzərində çalışmalıdır. Hər zaman deyirəm ki, xanəndə öyrənməlidir, yeni qəzəllər əzbərləməlidir, tamaşaçılara yeni nələrsə çatdırmalıdır. Yerində saymaqla sənətkar ola bilməzlər”.
Nəzakət Teymurova bildirib ki, hər konsertində olduğu kimi budəfəki konsertində də xalq şairi Ramiz Rövşən onu tək qoymayıb:
“Ramiz müəllimlə silsilə ifalarımız, konsertlərimiz olub. Məhz həmin konsertlərdə onun sözlərinə yazılmış, bəstələnmiş mahnıları səsləndirmişik. 2019-cu ildə Heydər Əliyev sarayındaki konsertimdə də, 2018-ci ildə Yaşıl Teatrda baş tutan konsertimdə də iştirak edib. Ramiz Rövşən sənətinin və şəxsiyyətinin vurğunuyuq. Hər dəfə sağ olsun konsertlərimə gəlib, öz fikirlərini deyir. Onun ifamı bəyənib, muğam sənətinə verdiyi qiymət mənə çox xoşdur. Onların sözləri, fikirləri mənim üçün çox önəmlidir. Bir az ayaqları ağrıyır, səhhətində problem var, amma yenə də mənim sənətimə böyük qiymət verərək təbrikə gəldi. Ramiz müəllimə bir daha öz təşəkkürümü bildirirəm. Onun sözlərinə yazılmış iki mahnı ifa edəcəyəm. Hazırda mahnıya hazırlıq prosesi gedir”.

Geri qayıt