Əsas Səhifə > Güney Press > Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu

Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu


Bu gün, 12:04

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu, qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Xəlil Fərəcli və onun tanışı, adam oğurluğu və qanunsuz olaraq narkotik saxlamada ittiham olunan Mahir Fərəclinin (hər ikisinin adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü Xəlil Fərəcli 8 il 6 ay və Mahir Fərəcli isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Məhkəmə araşdırmaları zamanı məlum olub ki, təqsirləndirilən şəxslər bir qrup şəxslə qabaqcadan əlbir olaraq zərərçəkmiş Habil Əkbərzadəni (adı, soyadı şərtidir) oğurlamaqda və ona qarşı zorakılıq tətbiq etməkdə ittiham olunub.

İttihama görə, hadisənin başlanmasına zərərçəkmiş şəxsin Xəlil Fərəclinin tanışından aldığı borc pul səbəb olub. Belə ki, Habilə verilmiş 5 min manat məbləğində pulun geri qaytarılması ilə bağlı tərəflər arasında mübahisə yaranıb. Bundan sonra Xəlil və Mahir zərərçəkmişi cəzalandırmaq məqsədilə onun oğurlanması barədə razılığa gəliblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, Xəlil və Mahir zərərçəkmiş şəxsin Xaçmaz rayonunun Ukuroba kəndində yaşayan anasını ziyarət etmək üçün evə gələcəyi vaxtı əvvəlcədən öyrəniblər. Onlar ev sahiblərindən əldə etdikləri məlumat əsasında hadisə planını həyata keçirməyə qərar veriblər.

2024-cü ilin may ayında Habil evə yaxınlaşdığı zaman həmin şəxslər tərəfindən saxlanılıb. Onun əl və ayaqları bağlanıb, qışqıraraq kömək istəməsinin qarşısını almaq məqsədilə ağzına əski tıxac qoyulub.

Bundan sonra zərərçəkmiş şəxs müxtəlif formalarda zorakılığa məruz qalıb. Təqsirləndirilən şəxslər və digər iştirakçılar metal dəyənəklər, bıçaqlar, eləcə də əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endiriblər.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxs hadisə zamanı burun sümüyünün sınığı, burun nahiyəsinin deformasiyası, sağ yanaq nahiyəsində hematoma, ayaq və qollarında çoxsaylı sıyrıq və əzilmiş yaralar, kürəkaltı və bel nahiyələrində xəsarətlər alıb.

Ekspertiza rəylərində qeyd olunub ki, həmin xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarətləri kimi qiymətləndirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Habil zor tətbiq edilməklə evdən çıxarılıb və sürüyərək həyətə aparılıb. Daha sonra o, təqsirləndirilən şəxslərdən birinin idarə etdiyi “Toyota Prius” markalı avtomobilin yük yerinə yerləşdirilib.

Zərərçəkmiş şəxs bundan sonra Bakı şəhərinə gətirilib və əvvəlcə müəyyən edilməmiş ünvanda saxlanılıb.

Cinayət işi materiallarında göstərilir ki, sonradan onun saxlanıldığı yer dəyişdirilərək Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yaşayış evlərindən birinə aparılıb. Həmin evdə Habil iradəsinin əksinə olaraq nəzarət altında saxlanılıb.

Zərərçəkmiş şəxsin qaçmaq cəhdi də olub. Belə ki, evdə olan şəxslərin bir hissəsi digər otağa keçdiyi zaman o, nəzarətdən yayınaraq həyətə çıxmağa nail olub. Habil həyətə qaçaraq yüksək səslə “Kömək edin, polis” deyə qışqırmağa başlayıb.

Lakin təqsirləndirilən şəxslərdən biri onun qaçdığını görərək digər iştirakçılara xəbər verib. Bundan sonra zərərçəkmiş şəxs yenidən təqib olunaraq tutulub və həyətdən kənara çıxmasına imkan verilməyib.

Təqsirləndirilən şəxslər və digər iştirakçılar Habili yerə yıxaraq ona qarşı zor tətbiq etməyə davam ediblər. Həmin vaxt zərərçəkmiş şəxsin böyrək nahiyəsinə təpik zərbələri endirilib. Habil isə kömək çağırışlarını davam etdirib və yüksək səslə ətrafdakı insanlardan yardım istəyib.

Onlar Habilin səsini eşidən şəxslərin hadisə yerinə gələ biləcəyindən və törətdikləri əməlin ifşa olunacağından ehtiyat ediblər. Bu səbəbdən təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi hadisə yerində qoyaraq ərazidən uzaqlaşıblar.

İstintaq orqanı hesab edib ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməklə, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib onu qanunsuz olaraq azadlıqdan məhrum edərək adam oğurluğu cinayətini törədiblər.

Bundan başqa, təqsirləndirilən Mahir Fərəcliyə qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı da ittiham irəli sürülüb.

Cinayət işi materiallarında göstərilir ki, o, 2024-cü ilin may ayında satış məqsədilə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib və üzərində saxlayaraq daşıyıb. Mahir başqa bir cinayət işi üzrə dindirilməsi zərurəti ilə əlaqədar polis əməkdaşları tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində saxlanılıb.

Daha sonra o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilib və üzərində dövriyyəsi qanunla qadağan edilmiş maddələrin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə şəxsi axtarış aparılıb.

İş materiallarına əsasən, videoçəkilişlə müşayiət olunan şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin əynində olan cins şalvarın cibindən dörd ədəd şəffaf selofan bükümdə psixotrop maddə aşkar edilərək götürülüb.


Geri qayıt