Əsas Səhifə > Güney Press / Partiya > Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı

Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı


Bu gün, 11:56

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iddia edib ki, boşanmaların arxasında duran əsas səbəb cinsi münasibətlərdəki uyğunsuzluqdur. O bildirib ki, ailələr əsasən cinsi münasibətlər uyğun gəlmədiyi üçün dağılır. Partiya sədrinin fikrincə, cinsi uyğunluq olan ailəni heç bir faktor ayıra bilməz.

Globalinfo.az-a danışan klinik psixoloq, psixoterapevt və seksoloq Təhmasib Cavadzadə deyib ki, boşanmaları çox vaxt cinsi problemlərlə əlaqələndirirlər, amma bu problemin da qaynağını tapmaq lazımdır:

“Necə olur ki, sevgililik, ya nişan dövründə tərəflər bir-birilərinə qarşı istəkli olurlar, amma evləndikdən sonra istəksizlik yaranır. Evləndikdən əvvəl tərəflərin bir-birinə cinsi istəyi yoxdursa, o zaman ailədə 100 faiz cinsi problem olacaq. Bəzi cütlüklər cinsi uyğunluğu nəzərə almırlar, bəyənmədiyi tiplərlə ailə qururlar, bu da cinsi problem üzərindən boşanmaya səbəb olur. Amma hər zaman belə olmur. Qeyd etdiyim kimi, cinsi problem evləndikdən sonra yaranır, çünki aralarındakı şəxsiyyət uyğunsuzluğu, yəni temperament və xarakter uyğunsuzluğu təkcə cinsi cəhətdən istəksizliyə yox, hətta fiziki və məişət zorakılığına belə gətirib çıxarır. Bunlar isə çox gözə görünmür. Belə evliliklərin səbəbi isə tərəflərin bir-birilərini tanımadığı üçün olur”.

T.Cavadzadə bildirib ki, tərəflər ehtiras və gözəllik, cinsi cazibəyə görə evlənsələr də, sonradan bir-birilərini kəşf etdikdə cinsi istilik soyuyur:

“Düzdür, evliliklərdə çox vaxt cinsi uyğunsuzluq yaşanır, amma cinsi uyğunsuzluq ailədəki üzə çıxan bir göstəricidir. Əslində problemin kökü tərəflərin özündədir. Əsl səbəbləri araşdırıb tapmaq lazımdır”.

Cinsi tərbiyəyə gəldikdə isə, T.Cavadzadə qeyd edib ki, bizim cəmiyyətin bəzi üzvləri cinsi tərbiyəni hələ də anlamayıb:

“Cinsi tərbiyə çox vacibdir. Bu, televiziyadan yox, ailədən gəlməlidir. Təəssüf ki, bizim yeniyetmə və gənclər cinsi tərbiyəni ondan-bundan alırlar. Məktəbdə uşaqların hər cür tərbiyəsi ilə məşğul olmaq lazımdır. Amma təəssüf ki, bəzi müəllimlər insan anatomiyası ilə bağlı dərsləri hələ də normal keçmir”.


Geri qayıt