Əsas Səhifə > Güney Press > Feysbuk və İnstaqram tamamilə ödənişli olur?

Feysbuk və İnstaqram tamamilə ödənişli olur?


Bu gün, 08:08

İddialara görə, “Meta” şirkətinə məxsus “Instagram” və “Facebook” platformaları gələcəkdə ödənişli abunə sisteminə keçə bilər. Hazırda şirkət bəzi premium funksiyalar üçün aylıq ödəniş tələb etsə də, sosial şəbəkələrin tam və ya qismən ödənişli olması ehtimalları müzakirə olunur.

Bu, nə dərəcədə real ola bilər? Dünyanın ən böyük sosial şəbəkələrinin ödənişli modelə keçməsi bizim üçün nə vəd edir?

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, hazırda “Instagram” və “Facebook”un tamamilə ödənişli platformalara çevriləcəyi ilə bağlı rəsmi qərar yoxdur:

“Lakin son illərdə texnologiya şirkətlərinin gəlirlərini şaxələndirmək üçün premium xidmətlərə üstünlük verməsi belə ehtimalları gündəmdə saxlayır. Bunun əsas səbəblərindən biri rəqəmsal reklam bazarında rəqabətin artması və istifadəçi məlumatlarının emalı ilə bağlı qaydaların sərtləşdirilməsidir. Bu səbəbdən şirkətlər əlavə gəlir mənbələri axtarır və ödənişli funksiyalar təqdim edirlər. Amma bu cür milyardlarla istifadəçisi olan platformaların tamamilə ödənişli olması yaxın perspektivdə real görünmür. Daha çox ehtimal olunan ssenari odur ki, əsas xidmətlər pulsuz qalsın, əlavə imkanlar, reklamsız istifadə, geniş analitika və ya süni intellekt əsaslı funksiyalar ödənişli paketlər çərçivəsində təqdim edilsin”.

Ekspert bildirib ki, belə model istifadəçilərə daha çox seçim imkanı versə də, sosial şəbəkələrdə rəqəmsal bərabərsizliyi artırmaq riski daşıyır:

“Yəni ödəniş edən istifadəçilər daha çox imkan əldə edəcək, ödəniş etməyənlər isə məhdud funksiyalarla kifayətlənməli olacaqlar. Eyni zamanda, ödənişli xidmətlər məlumat məxfiliyinin gücləndirilməsi və reklam asılılığının azalması kimi müsbət nəticələr də vəd edə bilər”.


Geri qayıt