Əsas Səhifə > Güney Press / Partiya > Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edirBu gün, 07:20 |
|
Bir neçə gün əvvəl Müsavat Partiyasının Azərbaycan hökuməti ilə dostcasına razılaşması barədə məlumat yaymışdıq. Gununsesi.info-ya Avropa İnsan Hüquqları Məhkəməsindən göndərilən məlumatda bildirilirdi ki, tərəflər arasında razılaşma nəticəsində Müsavat Partiyasının Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayəti araşdırılan işlər siyahısından çıxarılıb. Qeyd edək ki, Müsavat Partiyası Avropa Məhkəməsinə sərbəst toplaşmaq azadlığının pozulması və bu barədə şikayətlərin Azərbaycan məhkəmələrində araşdırılmaması ilə əlaqədar müraciət etmişdi. Məlumata əsasən, partiya hər iki şikayətdə göstərilən faktlarla bağlı Azərbaycana qarşı yenidən tələb irəli sürməyəcək. Hökumət isə hər şikayət üzrə partiyaya dəymiş ziyana görə 1200 avro, məhkəmə xərclərinə görə isə 250 avro olmaqla, ümumilikdə 2900 avro ödəmək öhdəliyi götürüb. Məsələ ilə bağlı Müsavat Partiyasından sorğumuza cavab verilib. Belə ki, verilən məlumata əsasən, Müsavat Partiyası hökumətlə hər hansı bir danışıq aparmayıb və razılaşma imzalamayıb: “Azərbaycanda sərbəst toplaşma azadlığının pozulması ilə əlaqədar partiyanın verdiyi iki şikayətin siyahıdan çıxarılması barədə qərar Avropa Məhkəməsi ilə vəkil arasında aparılan kommunikasiyanın nəticəsində qəbul olunub. Azərbaycan hakimiyyəti təzminat ödəməyə razılıq verməklə, ölkədə sərbəst toplaşma azadlığının pozulduğunu dolayısı ilə etiraf edib. Müsavat Partiyası Azərbaycanda sərbəst toplaşma azadlığı da daxil olmaqla, bütün insan hüquq və azadlıqlarının təmin olunması uğrunda mübarizəsini bundan sonra da davam etdirəcək”,– deyə həmçinin qeyd edilib. Geri qayıt |