Əsas Səhifə > Güney Press > Neft 60 dollardan da aşağı düşə bilər

Neft 60 dollardan da aşağı düşə bilər


Bu gün, 17:07

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,95 ABŞ dolları və ya 4,36% ucuzlaşaraq 86,55 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90,5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dünya neft bazarında ucuzlaşma tendensiyası müşahidə olunur.

Neftin qiymətinin qarşıdakı dövrdə hansı həddə qədər ucuzlaşa biləcəyi və bunun neft gəlirlərindən asılı iqtisadiyyatlara necə təsir göstərəcəyi isə suallar doğurur.

Neft hansı həddə qədər ucuzlaşa bilər?

Mövvzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, neftin qiymətində müəyyən enmələr müşahidə edilə bilər:

“Neftin ucuzlaşması təbii və gözlənilən proses idi. Çünki qiymətlərdə fundamental iqtisadi səbəblər mövcud deyildi.
Əsas amillər geosiyasi gərginliklər, Hörmüz boğazının bağlanması ehtimalı və İran müharibəsi ilə bağlı risklər idi.

Hazırda müharibənin bitməsi ehtimalı artdığı üçün neftin qiymətində ucuzlaşma müşahidə olunur. Lakin müharibədən əvvəlki 60–65 dollar səviyyəsinə qayıtması üçün bazarın zamana ehtiyacı var.

Mənim fikrimcə, optimal ssenari üzrə iyunun 19-dan sonra ABŞ və İran arasında imzalanma prosesi tam reallaşarsa, neftin qiyməti təxminən 75–80 dollar səviyyəsinə qədər enə bilər”.

O qeyd edib ki, ilin sonuna doğru isə neft qiymətlərinin 70–75 dollar civarında formalaşması mümkündür:

“Gələn il ciddi müharibələr və hərbi münaqişələr olmasa, xüsusilə Rusiya–Ukrayna müharibəsi tənzimlənərsə və İran öz neftini bazara tam çıxara bilsə, neftin 60 dollardan da aşağı düşməsi ehtimalı kifayət qədər yüksəkdir”.


Geri qayıt