Əsas Səhifə > Güney Press > Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?Bu gün, 09:50 |
|
Səudiyyə Ərəbistanı hər il yüz minlərlə dollar dəyərində tikinti qumu idxal edir. Ölkə iqtisadi miqyasda böyük resurslara malik olsa da, səhralarla örtülü bir ərazinin qum idxal etməsi paradoksal görünə bilər. Lakin bu, zərurətdən doğan bir vəziyyətdir.
Qaynarinfo xəbər verir ki, "Spacedaily” nəşrinin məlumatına görə, əsas problem qumun miqdarı deyil, onun fiziki xüsusiyyətləridir. Səhralarda külək təsiri ilə formalaşan qum dənələri uzun müddət ərzində hamarlaşır və yuvarlaqlaşır. Bu isə onların sementlə möhkəm birləşməsini çətinləşdirir. Tikinti üçün isə daha kələ-kötür, iti səthə malik qum tələb olunur.
Belə qum adətən çaylardan, göllərdən, dəniz dibindən və ya qaya karxanalarından əldə edilir. Bu mühitlərdə yaranan hissəciklər bir-birinə daha yaxşı "ilişir” və betonun möhkəmliyini artırır.
Mütəxəssislər bildirirlər ki, səhrə qumu demək olar ki, kiçik bilyalar kimi davranır — bir-birinin üzərində sürüşür və sabit struktur yaratmır. Bu isə betonun içində boşluqların yaranmasına və konstruksiyanın zəifləməsinə səbəb olur.
"Onlar mikroskop altında çox gözəldir, amma beton üçün demək olar ki, yararsızdır,” deyə məqalədə qeyd olunur.
Bu səbəbdən səhrə qumu böyük tikinti layihələrində, məsələn, göydələnlər və süni adaların inşasında istifadə edilmir.
Əlavə olaraq qeyd olunur ki, betonun tərkibi çox vaxt səhv başa düşülür: sement yalnız bağlayıcı maddədir, beton isə sement, su, qum və çınqıldan ibarət kompleks tikinti materialıdır. Məhz bu qarışım ona yüksək möhkəmlik verir.
Geri qayıt |