Əsas Səhifə > Güney Press > Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı

Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı


Bu gün, 09:14

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş Cavid Şirəliyevin barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: İbtidai istintaq zamanı məlum olub ki, 1983-cü il təvəllüdlü Cavid Şirəliyev həm də 7gun.org saytının rəhbəridir. O, 2012-2014-cü illərdə “7 Gün Xəbər” qəzetinin rəhbəri olsa da, sonradan onlayn formada fəaliyyət göstərib.

Bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini Cavid Şirəliyev həmyerlisi, Rusiya vətəndaşı Ağagül Nəsirovu Masallıda fəaliyyət göstərən bazarda tikilməkdə olan "Sərfəli" ticarət mərkəzinə müdir təyin etmək adı ilə onun 68 min manatını paytaxtın Nərimanov rayonunda dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmədə Cavid Şirəliyev özünü təqsirli bilməyib və iddiaların həqiqətə uyğun olmadığını deyib.

Araşdırmalar nəticəsində onun əvvəllər “hədə-qorxu ilə tələb etmə” cinayətinə görə məhkum edilməsi də müəyyənləşib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Şirəliyev 7 il həbs cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Geri qayıt