Əsas Səhifə > Güney Press / Partiya > " Hər bir halda, bu məsələ aktuallığını qoruyur..."
" Hər bir halda, bu məsələ aktuallığını qoruyur..."Bu gün, 08:02 |
|
Bakıda nəqliyyat sıxlığının azaldılması üçün yeni iş rejimlərinin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Belə ki, deputat Vüqar Bayramovun sözlərinə görə, dəyişkən iş qrafiki fərqli işə başlama saatları hesabına səhər və axşam pik saatlarında yollardakı yüklənməni azaltmağa kömək edə bilər. O bildirib ki, bu təcrübə bir sıra Avropa ölkələrində də uğurla tətbiq olunur. Bu, problemin həllinə nə dərəcədə faydalı ola bilər? Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Bakıda trafik probleminin həlli üçün müxtəlif variantlar təklif olunur: “Lakin bu variantların nə dərəcədə effektiv olacağı barədə indidən konkret fikir söyləmək çətindir. Hər bir halda, bu məsələ aktuallığını qoruyur. Vaxtilə biz də təklif etmişdik ki, ayrı-ayrı qurumlarda iş saatlarının fərqli vaxtlarda başlaması və ya bitməsi prinsipi tətbiq olunsun. Bir sıra xarici ölkələrdə bu təcrübədən istifadə olunur və onun həyata keçirilməsi mümkündür. Hesab edirəm ki, bu da çıxış yollarından biridir. Ancaq təkcə iş saatlarının dəyişdirilməsi tıxac problemini tam həll etməyəcək. Çünki məsələ müəyyən mənada infrastruktur problemləri ilə də bağlıdır. İldən-ilə yeni yolların çəkilməsi, körpülərin tikilməsi və digər layihələrin həyata keçirilməsi daha da çətinləşir”. Deputat bildirib ki, paralel şəkildə digər problemlər də həllini tapmalıdır: “Əks halda, iş saatlarının dəyişdirilməsi tıxacın azalmasına gözlənilən təsiri göstərməyə bilər. Bununla belə, bu istiqamətdə təşəbbüslərin və təkliflərin irəli sürülməsi müsbət haldır. Ümid edirik ki, görüləcək tədbirlər ən azı müəyyən dərəcədə nəqliyyat sıxlığının azalmasına öz töhfəsini verəcək”. Geri qayıt |