Əsas Səhifə > Güney Press > “Onları nə gözlədiyini bilmirlər”

“Onları nə gözlədiyini bilmirlər”


Bu gün, 14:32

İrəvan meri Tiqran Avinyan müxalifət qüvvələrini seçicilərin ələ alınmasında ittiham edərək qanun pozuntularına görə sərt cəzaların tətbiq olunacağını bəyan edib.

Sherg.az xəbər verir ki, 2025-ci il üzrə paytaxt bələdiyyəsinin büdcəsinin icrası ilə bağlı hesabat təqdim edən Avinyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib ki, son parlament seçkiləri zamanı müxalifət əvvəlki seçkilərlə müqayisədə daha ciddi pozuntulara yol verib.

Onun sözlərinə görə, bəzi siyasi qüvvələr seçicilərin kütləvi şəkildə pulla ələ alınmasına və xarici ölkələrdən daşınaraq səsverməyə cəlb edilməsinə əl atıblar.

“Əvvəlki seçkilərdə pozuntuların sayı nisbətən az idi. Bu dəfə isə müxalifət seçicilərin kütləvi şəkildə satın alınmasına və onların başqa ölkələrdən gətirilməsinə əl atdı. Bu, qırmızı xətt idi və onun keçilməsi çox sərt nəticələr doğuracaq”, - deyə Avinyan bildirib.

Mer seçkilərin nəticələrinin yenidən hesablanmasının "Çiçəklənən Ermənistan" Partiyasının parlamentə düşməsinin qarşısını almaq məqsədi daşıdığı barədə iddiaları da rədd edib. O qeyd edib ki, yenidən sayılma nəticəsində hakim "Vətəndaş Müqaviləsi" Partiyası da təxminən 1200 səs itirib.

Avinyan vurğulayıb ki, əsas məsələ seçici satınalma praktikasının kökünün kəsilməsi və qanunu pozan şəxslərin məsuliyyətə cəlb edilməsidir.

“Bu insanlar onları nə gözlədiyini bilmirlər. Onları qanunun bütün sərtliyi ilə cəza gözləyir. Belə şəxslərin siyasi müstəvidə yeri olmamalıdır”, - deyə o əlavə edib.

İrəvan meri həmçinin bildirib ki, hakimiyyət seçki kampaniyası dövründə aşkarlanan pozuntulara baxmayaraq, müxalif qüvvələrin seçkilərdən kənarlaşdırılması yolunu seçməyib. Onun sözlərinə görə, bu addımın atılmamasında məqsəd hakimiyyətin siyasi rəqiblərə qarşı təzyiq göstərdiyi barədə ittihamların qarşısını almaq olub.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 49,825 faiz səs toplayıb. İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Bloku 23,281 faiz, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" Bloku isə 9,934 faiz səs əldə edib.

İlkin nəticələrə görə, "Çiçəklənən Ermənistan" Partiyası 3,996 faiz səs toplayaraq parlamentə düşmək üçün tələb olunan 4 faizlik baryeri cəmi 0,004 faiz bəndi fərqlə keçə bilməyib.


Geri qayıt