Əsas Səhifə > Güney Press > Məhkum yoldaşının əfv olunmasına köməklik etmək adı ilə dələduzluq etdi
Məhkum yoldaşının əfv olunmasına köməklik etmək adı ilə dələduzluq etdiBu gün, 10:31 |
|
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Cabir Vəlizadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Qeyd: Əvvəllər dəfələrlə dələduzluq cinayətlərinə görə məhkum olunmuş təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində tanış olduğu məhkum, zərərçəkmiş Qulam Əkbərlinin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək onu aldadıb və pulunu ələ keçirib. İttihama görə, Cabir Vəlizadə əvvəllər Xətai Rayon Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.4-cü maddələri, daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub. Həmin məhkumluqlar qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən təqsirləndirilən şəxs yenidən dələduzluq əməli törədib. Araşdırmalar zamanı müəyyən edilib ki, Cabir Vəlizadə cəzaçəkmə müəssisəsində tanış olduğu Qulam Əkbərlinin maddi imkanlarının yaxşı olduğunu öyrənib. O, həmçinin zərərçəkmiş şəxsin əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini və cəzadan azad olunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etdiyini bilib. Bundan sonra Cabir Qulamın etibarını qazanaraq onun əfv olunmasına və vaxtından əvvəl azadlığa çıxmasına kömək göstərə biləcəyini deyib. O, bu məqsədlə müəyyən əlaqələrinin olduğunu iddia edib və zərərçəkmiş şəxsi aldadaraq pul tələb edib. Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxs əvvəlcə 2022-ci ilin noyabr ayında zərərçəkmiş şəxsdən 3 000 manat alıb. Daha sonra həmin ilin dekabr ayının əvvəllərində müxtəlif hissələrlə daha 3 000 manat əldə edib. Ümumilikdə 6 000 manat məbləğində pul vəsaiti ödəniş terminalı vasitəsilə Cabir Vəlizadənin tanışının adına rəsmiləşdirilmiş bank kartına köçürülüb. Cabir Vəlizadə həmin vəsaiti aldıqdan sonra pulu öz ehtiyacları üçün istifadə edib. Beləliklə, onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə 6 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulduğu müəyyən olunub. Toplanmış sübutlar əsasında Cabir Vəlizadəyə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə, yəni xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq ittihamı irəli sürülüb. Yasamal Rayon Məhkəməsi işə baxaraq təqsirləndirilən şəxsi elan olunmuş ittiham üzrə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bundan başqa, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Cabir Vəlizadəyə əvvəlki hökm üzrə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası yeni cəza ilə qismən birləşdirilib. Nəticədə ona qəti olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmə əsasən, məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olub. Məhkəmə həmçinin mülki iddianı təmin edib və vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə məhkumdan 6 000 manat pulun tutularaq zərərçəkmiş şəxsə verilməsini qərara alıb. Hökmdən həm Baş prokurorun müavini Heydər Məmmədov tərəfindən apellyasiya protesti, həm də zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi işə baxdıqdan sonra zərərçəkmiş şəxsin apellyasiya şikayətini təmin etməyib. Bununla yanaşı, prokurorluq tərəfindən verilmiş apellyasiya protesti əsaslı hesab olunaraq təmin edilib. Apellyasiya instansiyası müəyyən edib ki, əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə yeni təyin olunmuş cəzanın birləşdirilməsi zamanı cəzanın hesablanması dəyişdirilməlidir. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Cinayət Məcəlləsinin 67.1-ci maddəsini tətbiq etməklə əvvəlki hökm üzrə çəkilməmiş 4 il 7 ay 4 gün müddətində azadlıqdan məhrum etmə cəzasını yeni təyin edilmiş 2 il 6 aylıq cəza ilə qismən birləşdirib və nəticədə təqsirləndirilən şəxsə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Apellyasiya instansiyasının qərarından sonra zərərçəkmiş şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından məhkumun müdafiəçisi tərəfindən də kassasiya şikayəti verilib. Geri qayıt |