Əsas Səhifə > Güney Press > Paşinyan konstitusion çoxluqdan məhrum oldu
Paşinyan konstitusion çoxluqdan məhrum olduBu gün, 17:29 |
|
İyunun 7-də Ermənistanda parlament seçkilərinə keçirilən səsvermə prosesi gözlənilməz sonluqla nəticələndi. Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası, 49.81 faiz səs toplayıb. O, rəqiblərindən fərqlənsə də, Konstitusion çoxluğundan məhrum oldu. Kreml dairələrinin təbirincə desək, Paşinyanın hakimiyyətə gəlişindən bəri hədəf taxtasına çevrilən erməni oliqarx Qaqik Sarukyanın, “Çiçəklənən Ermənistan” partiyasının cəmi 4 faiz səs toplaması, müxalif qüvvələrlə Rusiyanı çilədən çıxarıb. Ermənistan mətbuatı səsvermə boyunca hakim partiyanın seçkilərdə pozuntulara yol verdiyini, hətta bu səbəbdən bir neçə nəfərin həbs edildiyini yazıb. Hazırda müxalif blokla, Rusiya arasında sıxışıb qalan Paşinyan bütün ümidlərini iyunun 14-nə dikib. Çünki Ermənistan MSK-nın sədri Vaaqn Hovakimyan, seçkilərin nəticələrini məhz həmin gün açıqlayacağını bildirib. Sədrin sözlərinə görə, İrəvandakı bütün seçki məntəqələrində səslər yenidən hesablanacaq. Bəs yeni hesablamalar hakim partiyanın səslərinə əks təsir göstərə bilərmi? Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Ermənistandakı seçkilərlə bağlı əsas problem “Çiçəklənən Ermənistan” partiyası üzərində düyünlənib: “Rusiya bunu rəsmi qaydada bildirməsə də, ekspertlər səviyyəsində Q.Sarukyanın topladığı səslərin doğruluğuna dair şübhələr var. Təsəvvür edin ki, bu partiya parlamentə keçmək üçün lazım olan seçki baryerini 0,01% fərqlə keçə bilməyib. Əgər bu nəticəyə çatsaydı, partiya parlamentə keçərək, müəyyən sayda mandat əldə etmək imkanı qazanacaqdı. Səslər yenidən hesablanarkən, saxtakarlığa aid məqamlar aşkar edildikdə, Paşinyana ciddi zərbə dəyəcək. Hakim partiya, təkbaşına hökümət formalaşdıra bilməyəcəyinə görə digər partiyalarla birləşməyə məcburdur”. Politoloqun sözlərinə görə, üç müxalif partiyanın Paşinyanla koalisiya qurması imkansızdır: ““Vətəndaş müqaviləsi” partiyasının üstün mövqe sərgiləməsini texniki qələbə adlandırıram. Rusiya artıq istəyinə çatıb. Səslərin yenidən hesablanması barədə çıxarılan qərar, Moskvanın təzyiqlərindən qaynaqlanır. Hakim partiya, parlamentdə çoxluq əldə etsə də, konstitusion çoxluğa çata bilmədi. 105 yerlik parlamentdə 61 mandat qazandılar. Halbuki konstitusion çoxluq üçün ən azı 70 mandat tələb olunur. Konstitusion çoxluq hökumətə hüquqi və siyasi məsələlərdə daha geniş imkanlar verəcəkdi. Bu hüquq Paşinyan hökümətinə gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək üçün qapı açacaqdı”. S.İsgəndərov, seçkidə rəqiblərini üstələyən Paşinyanın bu vaxta qədər Putin tərəfindən təbrik edilməməsinin səbəblərini şərh edib: “Bunun Rusiyanın Ermənistanın əleyhinə mövqe sərgiləməsi ilə əlaqəsi yoxdur. Putin, Paşinyanı təbrik etmək üçün seçki prosesinin hüquqi baxımdan tam yekunlaşmasını gözləyir. O, Paşinyan hökuməti ilə pərdəarxası söhbətlər apararaq, vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. Onu da nəzərə almaq lazımdır ki, Nikol səsvermədən sonra qalib gələcəyi təqdirdə, Rusiyaya səfər edəcəyini açıqlamışdı. Moskva "Çiçəklənən Ermənistan" partiyasını parlamentə daşımaq üçün İrəvanla gizli sövdələşmələr aparmağa çalışır. Bu planın pərdəarxasında böyük risklər gizləndiyinə görə, Paşinyanın belə bir məsələ ilə razılaşma ehtimalı aşağıdır”. Analitikin fikrincə, müxalif qüvvələrin irəli sürdüyü arqumentlər əsaslı görünür: “Paşinyan tərəzinin gözünü öz xeyrinə çevirmək üçün inzibati resurslardan yararlanıb. Faktiki olaraq ən çox səs toplayan onun partiyası oldu. Ermənistanda bu günə qədər heç bir seçki şəffaf və demokratik əsaslarla keçirilməyib. Xislətində saxtakarlıq olan insanlardan, seçkilərdə şəffaflıq gözləmək çətindir. İrəvan mətbuatı səsvermə zamanı qeydə alınan pozuntulardan bəhs edir, həbs xəbərlərini manşetlərə daşıyırdı. Avropa dairələri bu faktlara rəğmən, seçkilərin "demokratik səviyyədə" keçdiyini bəyan edirdilər”. Politoloq vurğulayıb ki, Paşinyanla Avropa İttifaqının niyyətləri eyni nöqtədə kəsişdiyi üçün, ölkədə baş verən bütün pozuntulara göz yumdular: “Ermənistandakı seçkiönü kampaniyaların gedişində, səsvermənin ölkənin və xalqın gələcəyi üçün taleyüklü mərhələ olduğu aşılanır. Həqiqət isə ondan ibarətdir ki, bu proses sadəcə Rusiya və Avropa İttifaqı arasında geosiyasi seçim alətinə çevrilib. Doğrudur, Paşinyanın parlamentdə çoxluq əldə etməsi, Azərbaycanı qane edir. Lakin onun konstitusion çoxluqdan məhrum olması, əl-qolunu bağlayır. Çünki Nikol Azərbaycanın sülh müqaviləsi üçün əsas şərt olaraq tələb etdiyi Konstitusiya dəyişikliyini həyata keçirə bilməyəcək”. S.İsgəndərovun qənaətinə görə, Paşinyan seçkilərə qədər çox rahatlıqla, Azərbaycanın şərtini yerinə yetirə bilərdi: “Öhdəliklərin icrasının gecikdirilməsi, onların sülhə olan səmimiyyətinə kölgə salır. Azərbaycan əslində Ermənistanın tam müstəqil dövlət olmasını hamıdan çox arzulayır. Çünki "ağası" olmayan Ermənistanla dil tapmaq, ən qəliz məsələləri belə həll etmək asan olacaq. Problem ondadır ki, İrəvanın geosiyasi himayədarları işə qarışan kimi vəziyyət çıxılmaz hal alır”. Geri qayıt |