Əsas Səhifə > Güney Press > Zalujnı Zelenskini ÜSTƏLƏDİ

Zalujnı Zelenskini ÜSTƏLƏDİ


Bu gün, 12:11

Kiyevdəki Beynəlxalq Sosiologiya İnstitutunun məlumatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırkı Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnıya Ukrayna vətəndaşlarının 73%-i etibar edir.

Musavat.com bildirir ki, eyni zamanda, prezident Volodimir Zelenskiyə etimad səviyyəsi 61 faizdir.

Digər ictimai xadimlər arasında hüquq-mühafizə orqanlarının nümayəndələri də yüksək göstəricilərə malikdirlər. Xüsusilə, respondentlərin təxminən 70%-i Kirill Budanova etibar edir. Xatırladaq ki, bu ilin fevralında Almaniyanın “Der Şpigel” jurnalı Zalujnını Zelenskinin “qorxmalı olduğu adam” adlandırmışdı. Maraqlıdır ki, 2019-cu ilin prezident seçkilərin xalqın 72 faizi Zelenskiyə səs vermişdi. Hazırkı sorğunun nəticələri isə Zalujnı üçün bundan bir qədər artıq səs faizi göstərir. Ümumiyyətlə, Zelenskiyə alternativ həmişə Britaniyadakı səfir göstərilir. Onun komandan olduğu dövrdə uğurlu əks-hücum əməliyyatları da yaddaşlarda qalıb və ictimai rəydə pozitiv, etibarlı şəxs kimi qəbul olunur.

Məlumat üçün deyək ki, Zalujnının ilk bioqrafiyası çap olunub. Kitab “Dəmir General. İnsanlıq dərsləri” adlanır. Müəllif keçmiş baş komandanın strateji rabitə üzrə müşaviri olmuş Lyudmila Dolqonovskayadır. Kitabda qeyd olunub ki, hərbi karyerası əvvəlcədən müəyyən edilmiş Zalujnı bir neçə dəfə, ilk növbədə, maliyyə səbəblərinə görə ordu ilə əlaqəni kəsməyə yaxınlaşıb. Hələ Müdafiə Akademiyasında oxuyarkən qrup yoldaşı Eduard Moskalevlə Kiyev gecə klubunda mühafizəçi işləməli olub. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin olunması Zalujnı üçün tamamilə sürpriz olub.

Dolqonovskaya yazır ki, Rusiya işğalı ərəfəsində Zalujnı bütün Ukraynada hərbi vəziyyətin tətbiq edilməsində və ümumi səfərbərlik elan edilməsində israr edib, lakin prezident Zelenski buna razı olmayıb. Zalujnı hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin 1991-ci il sərhədlərinə daxil olması Ukraynanı davamlı sülhlə təmin etməyəcək. Onun fikrincə, yalnız NATO-ya üzvlük və ya dövlətin İsrail modeli əsasında qalaya çevrilməsi ölkəni etibarlı şəkildə qoruya bilər.

Zalujnının səfir təyin olunması bəzi analitiklər tərəfindən onun daxili siyasətdən uzaqlaşdırılması kimi qiymətləndirilir. Sorğular hipotetik prezident yarışında onun Zelenskidən irəlidə olduğunu göstərir. Bununla belə, general müharibə bitməyincə siyasi ambisiyalar barədə danışmaq istəmədiyini bildirib.



Geri qayıt