Əsas Səhifə > Güney Press > “Həyat yoldaşımı oyadaraq hadisə barədə danışdım, anam və uşaqları evdən çıxartdım”

“Həyat yoldaşımı oyadaraq hadisə barədə danışdım, anam və uşaqları evdən çıxartdım”


Bu gün, 17:20

Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Təhmasib Əliyevin cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttiham aktına əsasən, Təhmasib Əliyev qardaşının həyat yoldaşı, zərərçəkmiş Rəviyyə Nərmanova ilə aralarında yaranmış mübahisədən sonra qisas məqsədilə onu xüsusi amansızlıqla qətlə yetirib.


Belə ki, hadisədən əvvəl Cəlilabad rayonu ərazisində yerləşən evdə yaşayan Rəviyyə Nərmanova həyətyanı sahədə tikilməkdə olan evin eyvanını təmizləyərkən zibil tullantılarının ailəyə məxsus kəpək yeminin üzərinə tökülməsi səbəbindən təqsirləndirilən şəxslə mübahisə edib. Mübahisə zamanı qadının onu və mərhum atasını təhqir etməsi Təhmasibin narazılığına səbəb olub.


Həmin gün tərəflər arasında yaranmış gərginlik sonradan səngisə də, təqsirləndirilən şəxs Rəviyyə Nərmanovadan qisas almaq niyyətindən əl çəkməyib. O, hadisədən əvvəl pivə qəbul etdikdən sonra sərxoş vəziyyətə düşüb və gecə saatlarında qardaşının həyat yoldaşını öldürmək qərarına gəlib.


Cinayət planını həyata keçirmək məqsədilə Təhmasib Əliyev özünə məxsus “Qazel” markalı avtomobildə saxladığı qatlanan tipli məişət bıçağını götürərək gecə saatlarında Rəviyyə Nərmanovanın yatdığı otağın həyətə baxan açıq pəncərəsindən evə daxil olub. Məhkəmə sənədlərində göstərilir ki, həmin vaxt yataqda olan qadın otaqda yaranan səsə oyansa da, qaranlıq olduğundan qarşısındakı şəxsi tanımayıb və onu həyat yoldaşı hesab edib.


Bundan istifadə edən təqsirləndirilən şəxs qadının müqavimət göstərmək imkanını məhdudlaşdırmaq üçün onun boğazından tutub və daha sonra əlindəki bıçaqla ardıcıl şəkildə çoxsaylı zərbələr endirib. İstintaqın müəyyən etdiyi hallara görə, zərbələrin bir hissəsi döş və qarın boşluğuna nüfuz edərək ürək, ağciyərlər və qaraciyər kimi həyati vacib orqanları zədələyib.


Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə ümumilikdə 74 bıçaq xəsarəti yetirilib. Bunlardan 6-sı həyat üçün təhlükəli hesab edilən ağır xəsarətlər olub. Həmin zərbələr nəticəsində ürəyin, hər iki ağciyərin və qaraciyərin zədələnməsi güclü qanaxmaya səbəb olub. Bundan əlavə, qadının baş, üz, boyun, çiyin, qol, döş qəfəsi, qarın və digər nahiyələrində ümumilikdə 68 ədəd yüngül xəsarət aşkarlanıb.


İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olmasını nəzərə alaraq ona xüsusi amansızlıqla hücum edib və nəticədə qadın aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində həyatını itirib.


Məhkəmə baxışı zamanı Təhmasib Əliyev özünü təqsirli bildiyini deyib. O ifadəsində göstərib ki, Rəviyyə Nərmanova qardaşı Firdovsinin həyat yoldaşı olub və eyni evdə yaşamalarına baxmayaraq münasibətləri uzun müddətdir gərgin xarakter daşıyıb.


Onun sözlərinə görə, hadisədən əvvəl baş vermiş mübahisə zamanı qadın onu və mərhum atasını nalayiq ifadələrlə təhqir edib. Təqsirləndirilən şəxs bildirib ki, həmin hadisədən sonra əsəbiləşib, gecə boyu yata bilməyib və sonradan qisas almaq məqsədilə qadını öldürmək qərarına gəlib.


Təhmasib Əliyev ifadədə deyib ki, gecə saatlarında avtomobilindən qatlanan cib bıçağını götürərək açıq pəncərədən otağa daxil olub. Otağa girərkən yaranan səsdən sonra Rəviyyə Nərmanova oyanıb və qaranlıq olduğu üçün onu həyat yoldaşı hesab edərək “Firi, Firi” deyə səslənib. Bundan sonra o, qadına çoxsaylı bıçaq zərbələri endirərək öldürdüyünü etiraf edib.


İfadəsində hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirən təqsirləndirilən şəxs neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını deyib. O, cinayətdən sonra otaqdan çıxaraq əl-üzünü yuduğunu, daha sonra həyat yoldaşını oyadaraq hadisə barədə məlumat verdiyini, anasını və uşaqlarını evdən çıxarıb yaxın qohumlarının evinə apardığını bildirib.


Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu ifadə edərək himayəsində olan dörd azyaşlı övladının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.


Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun bacısı isə hadisədən bir gün əvvəl ailə daxilində ciddi mübahisənin yaşandığını bildirib. Onun sözlərinə görə, bacısı telefon danışığı zamanı təqsirləndirilən şəxs, onun həyat yoldaşı və anası ilə aralarında ev məsələsinə görə münaqişə yarandığını söyləyib.


Hüquqi varis məhkəmədə söyləyib ki, bacısı ona Təhmasib Əliyevin “səni öldürəcəyəm” məzmunlu hədələr səsləndirdiyini də deyib. Hadisədən sonrakı gün isə qardaşı Firdovsi ona zəng edərək Rəviyyə Nərmanovanın bıçaqlandığını və vəziyyətinin ağır olduğunu xəbər verib. Sonradan isə qadının həyatını itirdiyi məlum olub.


Hüquqi varis ifadəsində qətlin yalnız bir nəfər tərəfindən törədilməsinə şübhə ilə yanaşdığını da bildirib. O, bacısının fiziki cəhətdən güclü qadın olduğunu qeyd edərək hadisə zamanı evdə olan digər şəxslərin heç nə eşitməməsini və müdaxilə etməməsini şübhəli hesab etdiyini vurğulayıb.


Məhkəmənin hökmü ilə Təhmasib Əliyev 18 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


Geri qayıt