Əsas Səhifə > Güney Press > Azərbaycanda psixi xəstəliklər sürətlə artır

Azərbaycanda psixi xəstəliklər sürətlə artır


Bu gün, 16:55

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır. Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0-17 yaş, 1 591-i 18-29 yaş, 698-i 30-39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub.

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan psixi və davranış pozuntulu xəstələrin ümumi sayı 111 560 nəfər təşkil edib.

Bundan əlavə, qeydiyyatda olan xəstələrin 79 968-i kişi, 31 592-si qadın olub. Yaş bölgüsünə görə, qeydiyyatda olan xəstələrin 13 867-si 0-17 yaş, 29 723-ü 18-29 yaş, 22 851-i 30-39 yaş, 45 119-u isə 40 və yuxarı yaş qrupunda qeydə alınıb.

Psixoloq Aytən Ələkbərova Sherg.az-a bildirib ki, Azərbaycanda psixi sağlamlıqla bağlı vəziyyəti ciddi narahatlıq doğuran tendensiya kimi qiymətləndirir. Onun sözlərinə görə, kliniki praktikada psixi pozuntularla müraciət edən insanların sayında artım müşahidə olunur və bu, artıq gündəlik reallığa çevrilib: 

“Tibbdə bir sıra psixi xəstəliklərin əsasən genetik faktorlarla izah edildiyi qeyd olunsa da, son illərdə genetik meyilliyi olmayan şəxslərdə də psixi pozuntuların daha tez-tez ortaya çıxması diqqət çəkir. Bunun əsas səbəblərindən biri həyat tərzi ilə bağlı amillərdir”.

A. Ələkbərovanın sözlərinə görə, yuxu rejiminin pozulması və beynin həddindən artıq informasiya və stress yükü altında qalması psixi pozuntulara səbəb olan əsas amillərdir: “Valideynlərin uşaqlara qarşı yüksək təzyiq və gözləntiləri, xüsusilə “yüksək bal toplamaq” kimi akademik tələblər, uşaqlarda və yeniyetmələrdə ciddi psixoloji gərginlik yarada bilir. Eyni zamanda, hamiləlik dövründə yaşanan güclü təşviş və stress halları da dölün inkişafına təsir göstərərək sonradan müxtəlif psixoloji və nevroloji problemlərin formalaşma riskini artıra bilir. Hətta hiperaktivlik və autizm kimi halların yaranmasında da bu faktor rol oynayır. Yuxusuzluq isə orqanizmdə hormonal balansı pozur, xüsusilə serotonin və melatonin səviyyələrinin dəyişməsi emosional sabitliyi zəiflədir. Bu isə aqressiyanın artmasına, davranış pozuntularına və ümumilikdə psixi sağlamlıq risklərinin yüksəlməsinə gətirib çıxarır”.

Mütəxəssis onu da qeyd edib ki, rəsmi statistika yalnız qeydiyyata alınan halları əhatə edir və reallıqda psixi problemləri olan, lakin müalicəyə və ya qeydiyyata düşməyən şəxslərin sayı daha çoxdur: “Hələ nə qədər psixi xəstə var ki, siyahıya düşməyib. Gündəlik keçirdiyimiz beş seansdan ən azı üçündə bu cür insanlarla üz- üzə gəlirik”.


Geri qayıt