Əsas Səhifə > Güney Press > Azər Axşam timsalında bayağılıqdan şikayətlənən bayağılar
Azər Axşam timsalında bayağılıqdan şikayətlənən bayağılarBu gün, 13:35 |
|
Azər Axşam haqqında yazı yazmaq ağlıma axşam gəlsə də, acığa sübh tezdən yazdım. Özümə də söz verdim ki, yazı boyunca onun təxəllüsü ilə heç bir işim olmayacaq. Ancaq di gəl, məncə, Azərin axşamındansa, gündüz kiminsə verilişi yaxşıdır. Bilmirəm niyə, ancaq son vaxtlar dəxli olmasa da, onun adını hardasa görəndə ağlıma bu söz gəlir: “Sugo nədi bilirəm”. Allaha min şükür, hazırda Azər Axşam efirlərdə çox görünmür, fəqət son dövrlər verdiyi müsahibələr şəxsən mənim gözümə girir. Odur ki, istəyirəm, gözümdəki bu tiri də göstərim. Müsahibələrin birində aparıcı ondan soruşur ki, bəs Azər Axşam niyə efirlərdə görünmür? Bu sual elə sualdır ki, kimə verildiyindən asılı olmayaraq, az qala hamı eyni cavabı verir. Birdən-birə dünyanın ən bayağı adamı da şikayətlənir ki, bəs siz bilmirsiniz, əslində, mən çox ciddi adamam, indi də təlabat özünüz bilirsiniz nəyədir. Heç nə, dünyanın olmasa da, Azərbaycanda sayılıb-seçilən bayağı adamlardan olan Azər Axşam da dedi ki, “mən dəyişmədim, ona görə. Bu dövrə uyğunlaşmadım”. Azər Axşamın bu cavabı boyunu aşır. Sanasan, guya vaxtilə “BBC”də sənədli filmlər aparıb, indi gəlib “TikTok” dövrünə düşüb. Azər müəllim, adamı bir axşam, belə lap zülmət bir gecədə tutarlar, çəkərlər tinə, əllərini yuxarı qaldırıb, divara da söykəyib qulağına pıçıldayarlar ki, siz guya əvvəl necəydiniz? Guya dəyişməyib nə edə bilərsiniz? Ümumiyyətlə, sizdə dəyişilməli olan nə var? Söhbət hansı ciddi obrazdan, fəaliyyətdən gedir? Hansı bayağılıq tələb olundu ki, edə bilmədiniz? Sözsüz, bu suallara cavab tapa bilməzsiniz, narahat olmayın, axıra qədər saxlamazlar, deyərlər ki, yaxşı, get, bir də gecə vaxtı çölə tək çıxma. Azər Axşam uzun müddət idi ki, yadımdan çıxmışdı. Fiziki olmasa da, istedad, obraz olaraq öldüyünü bilirdim, ancaq elə bu yaxınlarda haqqında ölüm xəbəri də çıxmışdı. Yazıq ölüm, yazıq əzrayıl, gör, nə günlərə qalıb. Digər tərəfdən, mən hələ haqqında yalandan öldü xəbəri yayılan bircə ciddi adam da görməmişəm. Nədirsə, belə xəbərlər elə Azər Axşamların adına çıxır. Sonra da adəti üzrə öldü deyilən adam çıxıb deyir ki, bəs salamatam, narahat olanlar sağ olsun, hamı zəng elədi, bu xəbəri yayanlara da ayıb olsun. Ən axırda da düşmənlərinin olduğunu qeyd edir. Məsələn, mənə maraqlıdır ki, bir düşmən nə qədər bikar olmalıdır ki, Azər Axşamla ədavət aparsın. Belə də düşmən olar? Daş elə düşmənin başına. Düşmən olanda nə olar, adam gərək özünə diqqət eləsin. O da maraqlıdır ki, Azər Axşam düşməni olacaq nə edib? Bəlkə “Teletime” verilişinə görə düşmən kəsiliblər? Yoxsa “Qız atası” serialındakı istedadsızlıq nümunəsi olan roluna görə? Bu azmış kimi, bir dəfə də Azər Axşamı Azərbaycan televiziyasında gedən verilişlərdən əməlli şikayətlənən gördüm. Belə deməyinə düz deyirdi, ancaq gərək onu Azər Axşam deməsin. Məsələn, reytinqdən şikayətlənən Azər Axşama demək lazımdır ki, oynadığınız seriallar nəyə hesablanıb? Reytinqə qaçmayan Azər Axşam ona görə “ATV Səhər”, “Azər Axşamla bu axşam”, “Hər axşam” verilişləri aparırdı? Nədir, yoxsa bu verilişlər quru sağ ola işləyirdi? Yoxsa elmi-bədii verilişlər idi, ona da biz baxmadıq? Yox əşi, birdən “Aramızda qalsın?”-a görə deyərsiniz, mən ölüm, inciyərəm. İndi siz deyin, Azər Axşam, bunlar çox ciddidir və siz başqa qeyri-ciddilikdən şikayətlənirsiniz? Maraqlıdır ki, televiziyadan hansısa səbəblərə görə bir az aralı düşən bu adamlar hansı haqla şikayətlənirlər? Özünüzü niyə ömrünü bayağı verilişlərə hesablayıb, amma indiki verilişlərdən şikayətlənən Kamran Həsənli kimi aparırsınız? Efir verilməyəndə belə edirlər? Məgər Azər Axşam ömrünü mənasız şou-proqramlara həsr etməyib? Qəribədir ki, bu cür adamlar heç vaxt öz keçmişlərinə baxmırlar. Bir dəfə də olsun demirlər ki, bəli, bizim də günahımız olub. Amma yox. Həmişə günahkar başqasıdır. Dövr günahkardır. Tamaşaçı günahkardır. Sosial şəbəkələr günahkardır. Yeni nəsil günahkardır. Marsdakı atmosfer təzyiqi günahkardır. Təkcə özləri günahsızdır. Azərbaycan televiziyasını bu gün tənqid edən adamların böyük hissəsi dünən onun ən fəal iştirakçıları idi. Bu televiziya göydən düşməyib. Bu bayağılıq öz-özünə yaranmayıb. Bu zövqsüzlük bir gecədə peyda olmayıb. İllərlə daşını daş üstə qoyub bu sistemi quranlar indi kənardan dayanıb öz əsərlərinə baxaraq təəccüblənirlər. Sanki ev tikiblər, sonra dam çökəndə deyirlər ki, ay Allah, bunu kim tikib? Elə siz tikmisiniz. İndi Azər Axşam efirlərin səviyyəsindən şikayət edir. Bəs illərlə efirdə nümayiş olunan o ucuz zarafatlar nə idi? Bəs tamaşaçını intellektual inkişaf əvəzinə boş əyləncəyə alışdırmaq nə idi? Bəs hər gün eyni simaları gətirib eyni söhbətləri etdirmək nə idi? Bəs “kim kimi təhqir etdi”, “kim kiminlə küsdü”, “kim nə geyindi” mövzuları ilə saatlarla efir doldurmaq nə idi? Bunlar televiziya tarixinin qızıl səhifələri idi? Yoxsa ki, indi birdən-birə onların hamısı unudulub? Ona görə də ömrü boyu reytinqin çörəyini yeyib sonra reytinqi söymək lazım deyil. Çünki əksəriyyətiniz Azərbaycan efirlərində bayağılığın veteranlığı statusuna qədər yüksəlmisiniz. Bu gün məhz özünüzüz əsəri olan xarablıqlarda gəzirsiniz. Bizləri də bu üfunəti qoxlamağa məcbur edirsiniz. Orxan Saffari Geri qayıt |