|
Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan xarici ölkələrə ümumi dəyəri 42 milyon 301,5 min dollar olan 306 ədəd avtomobil ixrac olunub. Yeniavaz.com xəbər verir ki, ixrac olunmuş bir ədəd avtomobilin orta gömrük dəyəri 138 min dollar (235 min manat) olub. Qeyd edək ki, avtomobillər ən çox Qazaxıstana ixrac edilib. Bu ilin ilk 3 ayında Azərbaycandan Qazaxıstana 136 ədəd avtomobil ixrac edilib və ixrac olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 93 min dollar (158 min manat) təşkil edib. Ən az avtomobil isə İrana göndərilib. İrana son 3 ayda cəmi 1 ədəd avtomobil göndərilib və onun da gömrük dəyəri 15 min dollar olub. Ən bahalı avtomobillər isə Qırğızıstana ixrac edilib. Yanvar-mart aylarında Qırğızıstana 17 ədəd avtomobil göndərilib və bir ədədinin orta gömrük dəyəri 405 min dollar (689 min manat) təşkil edib. Ən ucuz avtomobillər isə ABŞ-yə göndərilib. Bu ilin ilk 3 ayında Azərbaycandan ABŞ-yə mühərrikinin həcmi 1000-1500 kub sm olan 1 ədəd daxiliyanma mühərrikli nəqliyyat vasitəsi göndərilib və bu avtomobilin orta gömrük dəyəri cəmi 1000 dollar (1 700 manat) olub. Bundan başqa ABŞ-yə mühərrikinin həcmi 2500 kub sm-dən çox olan 2 ədəd daxiliyanma mühərrikli (dizel) nəqliyyat vasitəsi göndərilib ki, bunların da bir ədədinin orta gömrük dəyəri 4 min 500 dollar (7 min 650 manat) təşkil edib. İxrac olunan avtomobillərin arasında isə ən bahalısı Qazaxıstana göndərilən elektrik mühərrikli avtomobil olub. Bu avtomobilin gömrük dəyəri 495 min dollar (842 min manat) olub.

Geri qayıt
|