Əsas Səhifə > Güney Press > “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”

“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”


Bu gün, 15:05

Tanınmış aktrisa Zülfiyyə Nəzər Məmmədova ərəb şeyxi ilə evlənən və bir müddət öncə 3 övladı ilə birgə qaçırılan azərbaycanlı eks-gimnast Zeynəb Cavadlını tənqid edənlərə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, aktrisa insanları eks-gimnasta mərhəmətli davranmağa çağırıb:

“Bir neçə il əvvəl ərəb şeyxi ilə ailə quran tanınmış gimnastımız Zeynəb Cavadlı bu günlərdə BƏƏ-də övladları ilə birlikdə itkin düşüb. Anası isə qızının və nəvələrinin tapılması üçün ictimaiyyətə müraciət edir, yardım istəyir.

Ancaq sosial şəbəkələrdə yazılan bəzi şərhləri oxuyanda dəhşətə gəlirəm. Biz nə vaxt bu qədər daşürəkli və mərhəmətsiz olduq? Bir ailənin üç üzvü yoxa çıxıb, insanların bir qismi isə hadisənin mahiyyətinə diqqət yetirmək əvəzinə ananı qınayır: “Niyə qızını ərəbə ərə vermisən?”, “Ərəblə evləndirəndə xalqla məsləhətləşmişdin?” və sair. İnsan istər-istəməz düşünür: bu qədər laqeydlik və cahillik haradan qaynaqlanır? Ailə qurmaq şəxsi seçim deyilmi? Bir insan evlənəndə cəmiyyətlə məsləhətləşməlidirmi? Bu gün ortada ciddi bir problem var – ana qızının və nəvələrinin taleyindən narahatdır, onların tapılması üçün kömək istəyir. Belə bir məqamda qınaq yox, empatiya və dəstək göstərmək daha doğru olmazdımı? İnsanlıq da elə məhz belə anlarda özünü göstərir”.

Qeyd edək ki, Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı videomüraciət yayıb. O, 5 gündür qızı və nəvələrindən heç bir xəbər ala bilmədiyini bildirib.

Ana müraciətində deyib:

"Bu gün 7 iyun 2026-cı ildir. Ana kimi çox həyəcanlıyam. Artıq 5 gündür ki, qızım Zeynəb və nəvələrimdən xəbər tuta bilmirəm. Onları hara və necə apardıqlarından xəbərimiz yoxdur. Qızımı və nəvələrimi axtarıram. Bu videomüraciəti yaymaqda məqsədim qızım Zeynəbə və nəvələrimə hər kəsin həmrəy olmasıdır. Bütün Azərbaycan xalqını, bütün dünyanı bizə kömək etməyə çağırıram".

Xatırladaq ki, Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib. Məlumata görə, Zeynəbə dəstək olmaq üçün Dubaya yollanan anası Solmaz Cavadlının da evə daxil olmasına icazə verilməyib və onun ölkədən çıxışına qadağa qoyulduğu iddia olunur.

Hadisə ilə əlaqədar artıq BMT-yə müraciət edilsə də, bundan təxminən iki ay əvvəl Dubay məhkəməsinin uşaqların atası ə verilməsi barədə qərar çıxardığı məlum olub. Sözügedən məhkəmə sənədində zərurət yaranacağı təqdirdə hökmün "məcburi qaydada və zor tətbiq edilməklə" icra oluna biləcəyi xüsusi olaraq vurğulanıb.


Geri qayıt