|

Ali Məhkəmədə Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, cinayət hadisəsi 2015-ci ilin avqustunda törədilib. Ukrayna vətəndaşı, 1992-ci ildə Luqanskda doğulmuş Naim Balakişi oğlu Allahverdiyev və 1973-cü il təvəllüdlü İlham Qalib oğlu Məmmədov İlham Tağıyevə qarşı bir neçə dəfə quldurluq və soyğunçuluq əməli törətdikdən sonra onu qətlə yetiriblər.
Həmin ərəfədə Naim Allahverdiyev tutulsa da, İlham Məmmədov qaça bilib. İlham Məmmədov 10 il sonra, 2025-ci ilin fevralında tutulub.
Qeyd: Bu cinayətlə bağlı daha əvvəl Ukraynada iki erməniəsilli şəxs də saxlanılıb.
Bu qrupun daha iki azərbaycanlı iş adamı Vüqar Nuruşov və Təbriz Ələkbərovu da öldürdüyü iddia edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi İlham Məmmədovu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 126.3, 178.2.2, 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5, 181.3.3, 182.3.3-cü maddələri üzrə təqsirli bilib. Ona 18 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırlatma: 2016-cı ildə ovaxtkı baş prokuror Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya həmin ölkədə azərbaycanlı sahibkarların qətli ilə bağlı müraciət etmişdi.
Geri qayıt
|