|

Qızıl alveri adı ilə dələduzluqda təqsirləndirilən Balaxanım Atakişiyevanın barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, B.Atakişiyeva Bakı və Sumqayıt şəhərlərində qızıl alveri ilə məşğul olub. O, "Moskva" univermağında işləyən Minarə İbayeva ilə alver etməyə başlayıb.
B.Atakişiyeva vaxtaşırı Minarədən topdansatış qiymətinə qızıl-zinət əşyaları alaraq satıb, pulunu verib. Minarənin etibarını qazanan B.Atakişiyeva bir müddətdən sonra ondan yüksək məbləğdə qızıllar götürüb satıb, sonra pulunu verib.
Sonuncu dəfə o, Minarədən, onun oğlu və kürəkənindən ümumilikdə 62 min manatlıq qızıl-zinət əşyaları götürsə də, həmin qızılların pulunu qaytarmayıb. O, bir müddət Minarəni arxayın edib ki, həmin pulun əvəzinə ona "Toyota Prado" markalı avtomobil verəcək. Lakin o, həmin avtomobili Minarəyə verməyib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində B.Atakişiyeva saxlanılmışdı. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun təqsiri sübuta yetirilməyib və bəraət alıb. Hökmdən narazı qalan zərərçəkmiş tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Geri qayıt
|