Əsas Səhifə > Güney Press > Sülh sazişi dekabrda imzalanacaq

Sülh sazişi dekabrda imzalanacaq


Bu gün, 17:21

Ermənistan ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə çərçivə sazişi imzalayıb.

Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bəyan edib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl o və ABŞ dövlət katibi Marko Rubio tərəfindən ilkin olaraq paraflanan sənəd daha sonra ABŞ tərəfindən imzalanaraq Ermənistana göndərilib:

“Dövlət katibi Rubio sazişi imzaladı, sənəd Ermənistana göndərildi və indi mən Ermənistan tərəfi adından imzamı atdım”.

Xarici İşlər Nazirliyi sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını xatırladıb:

“Beləliklə, distant imzalanma prosesi tamamlandı və saziş ratifikasiya üçün hazırdır”.

ABŞ dövlət katibi Marko Rubio da öz sosial şəbəkə hesabında bu məsələyə toxunub:

“Ermənistan və Azərbaycan arasındakı münaqişə bitdi, TRIPP yolunu yaradan müqaviləni imzaladım. Bu, hər iki ölkəyə, xüsusən də Ermənistana suverenliyinə əsaslanan müstəsna imkanlar təqdim edəcək".

Maraqlıdır, Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişi imzalanmadan ABŞ və Ermənistanın razılaşdırdığı TRİPP layihəsi üzrə çərçivə sazişinin reallaşması nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, hər iki prosesin gedişatı Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılıdır:

“Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında imzalanan yekun sülh sazişinin paraflanması, eyni zamanda ABŞ, Azərbaycan və Ermənistanın dövlət və hökumət rəhbərləri arasında imzalanan TRİPP layihəsi istiqamətində proses paralel şəkildə inkişaf edir. TRİPP layihəsi ilə bağlı imzalanan sazişə əsasən, layihənin Ermənistan hissəsinə ABŞ nəzarət edəcək və İrəvanla ortaq işlər görüləcək.

ABŞ ilə Ermənistan arasında TRİPP layihəsi üzrə çərçivə sazişinin imzalanmasına gəlincə, bu, onun yekun mərhələdə reallaşması anlamına gəlmir. Ermənistan ərazisində TRİPP layihəsinin reallaşmasına yönələn praktiki işlərə hələ başlanılmayıb. Hazırda sənədlərin hüquqi baxımdan rəsmiləşdirilməsi prosesi gedir. Praktiki işlərə daha sonrakı mərhələdə başlanılacaq”.

O, xüsusi bir məqamı da qeyd edib:

“Rusiya ilə Ermənistan arasında bu məsələdə ziddiyyətlər var. Böyük ehtimalla, önümüzdəki dövrdə daha çox ziddiyyətlər ortaya çıxacaq. Çünki Ermənistanın dəmir yollarına Rusiya nəzarət edir. Paşinyanın bu məsələ ilə bağlı bəyanatları və Moskvaya Zəngəzur bölgəsində dəmir yolunun çəkilməsi ilə bağlı təklifi məhz bu ziddiyyətlərdən qaynaqlanır. Bu baxımdan, proseslərin gedişatı Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin nəticələrindən asılı olacaq.

Əgər Paşinyanın partiyası qalib gələrsə, həm Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, həm də ABŞ, Azərbaycan və Ermənistan arasında TRİPP layihəsi ilə bağlı proses paralel şəkildə uğurla inkişaf edəcək. Bununla yanaşı, Paşinyan qalib gəldikdən sonra qısa müddət ərzində ölkədə referendum keçirərək ölkə konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaları çıxaracaq.

Artıq Ermənistanda konstitusiyasının hazırlanması istiqamətində işlərə başlanılıb. Hər halda bütün bu proseslər həftənin sonu Ermənistanda baş tutacaq parlament seçkilərinin nəticələrindən asılı olacaq. Paşinyanın qalib gələcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında sülh prosesi bu ilin sonuna qədər yekunlaşacaq. Bu ilin dekabrında sülh sazişinin imzalanması mümkündür. Ondan sonra TRİPP layihəsinin tam şəkildə reallaşdırılması prosesi daha da sürətlənəcək. Bu isə bir neçə il çəkəcək prosesdir”.


Geri qayıt