Əsas Səhifə > Güney Press > Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaqBu gün, 16:57 |
|
Ermənistanda keçirilən parlament seçkiləri təkcə ölkədaxili siyasi mübarizə baxımından deyil, həm də Cənubi Qafqazın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Baş nazir Nikol Paşinyanın son illərdə həyata keçirdiyi siyasət, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, sülh gündəliyinin önə çəkilməsi və Ermənistanın xarici siyasət kursunda etdiyi dəyişikliklər seçkilərin əsas müzakirə mövzularından birinə çevrilib. Bu baxımdan Paşinyanın seçki kampaniyası, verdiyi mesajlar və Ermənistan cəmiyyətindəki mövqeyi diqqətlə izlənilir. Siyasi araşdırmaçı və yazar Burak AydınSherg.az-a Ermənistanda keçirilən seçkidən danışıb: "Paşinyan uzun müddətdir ki, ölkə daxilində seçki kampaniyası məqsədilə səfərlərdə idi. Onunla bağlı çoxlu videolar gördük. Başında bir papaqla, avtobusun içində bizim Türkiyədə “cevizli sucuk” adlandırdığımız bir şirniyyatı yeyərək ölkəni dolaşdı və seçki kampaniyası apardı. Bu seçki kampaniyası zamanı bir məqam diqqət çəkdi: Paşinyanın yaxasında olan nişan. Paşinyan yaxasında bugünkü müasir Ermənistanın xəritəsini əks etdirən nişan daşıyır. Bu, afişalarda da görünür. Hətta əli ilə ürək işarəsi yaradaraq həmin xəritəni onun içinə alıb. Biz buradan belə bir nəticə çıxarırıq: Paşinyan artıq Ermənistanın realist siyasətçisidir. O, artıq “Böyük Ermənistan”, “Qarabağı alacağıq”, “Türkiyədən torpaq alacağıq” kimi iddialarla çıxış edən siyasətçi deyil. O, sülh prosesinə uyğunlaşan, sərhəd qonşuları ilə yaxşı münasibətlər qurmağı hədəfləyən və bugünkü mövcud Ermənistan üçün siyasət aparmağı planlaşdıran liderdir". Analitik Ermənistan xalqının Paşinyana münasibətinə diqqət çəkib: "Xaricdə müxtəlif layihələrdə tanış olduğum erməni siyasətçilər və erməni fəallar adətən bildirirlər ki, Paşinyan hazırda Ermənistanda çox sevilmir. Çünki erməni cəmiyyətinin müəyyən hissəsi hələ də keçmişdəki məqsədlərin arxasınca getmək istəyir. Hələ də “Böyük Ermənistan”, “Qarabağı itirdik” kimi düşüncələrin təsiri altında olan və buna görə təəssüflənən insanlar var. Ancaq Paşinyan bu məsələdə cəmiyyətini xəbərdar edən lider kimi çıxış edir. O deyir ki, "realist olaq, bugünkü Ermənistan üçün çalışaq. Türkiyədən alacağımız torpaq da, Azərbaycandan alacağımız torpaq da bizə heç bir fayda verməyəcək. Biz mövcud ölkəmizin inkişafı üçün çalışaq". Buna görə də Ermənistan cəmiyyətində ona münasibət birmənalı deyil. Lakin Paşinyan hələ də Ermənistanda güclü siyasətçidir. Çünki alternativi yoxdur. Don bir neçə il ərzində müxtəlif səbəblərlə Paşinyanın istefası dəfələrlə tələb olundu. Hətta bəzi məqamlarda onun istefa verəcəyi ehtimalı da səsləndirilirdi. Hökumət dəfələrlə ciddi siyasi təzyiqlərlə üzləşdi. Lakin bugünkü vəziyyətə baxdığımızda Paşinyan hələ də baş nazir kimi fəaliyyətini davam etdirir. Yəni əslində belə bir nəticəyə gəlmək olar ki, Paşinyan Ermənistan daxilində çox sevilməyən liderlərdən biri olsa da, alternativsiz olması onu hələ də Ermənistanı idarə edən əsas siyasi fiqura çevirir. Onun yerini doldura biləcək güclü siyasətçi yoxdur". Ekspert vurğulayıb ki, Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq: "Paşinyan artıq keçmiş Ermənistan siyasətindən fərqli olaraq Qərb bloku ilə daha yaxın münasibətlər qurmağı hədəfləyən liderdir. O, açıq şəkildə bildirir ki, Ermənistan Avropa ilə daha sıx əməkdaşlıq etməlidir. Lazım gələrsə, NATO ölkələri ilə də əməkdaşlığı inkişaf etdirməli, Türkiyə ilə də münasibətləri normallaşdırmalıdır. O, Ermənistanın siyasi xəttini dəyişdirməyə çalışır. Bu vəziyyət, şübhəsiz ki, gələcəkdə regiona da təsir göstərəcək. Biz də bunu izləyəcək və görəcəyik. Paşinyan çox sevilən fiqur olmasa da, böyük ehtimalla alternativinin olmaması ona seçkilərdə yenə də yaxşı nəticə əldə etməyə kömək edəcək. Yəni əgər o, seçkiləri yenidən qazanarsa, bu, xalqın ona olan sevgisinin deyil, alternativinin olmamasının nəticəsi olacaq. Bunu yaxın zamanda müşahidə edəcəyik". Geri qayıt |