Əsas Səhifə > Güney Press > Paşinyanın seçkidən sonra həbs anonsu

Paşinyanın seçkidən sonra həbs anonsu


Bu gün, 15:11

Ermənistanda seçkiqabağı siyasi gərginlik pik həddə çatıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim partiya İrəvanda keçirdiyi son mitinqdə kütləvi iştirakla diqqət çəkib. Lakin mitinqdə səsləndirilən sərt bəyanatlar, xüsusilə rəqiblərə qarşı cinayət ittihamları və “diz çökdürmək” kimi ifadələr siyasi diskursu daha da kəskinləşdirib. Paşinyanın keçmiş prezident Robert Koçaryan da daxil olmaqla bir sıra müxalif fiqurları hədəfə alması və seçkilərdən sonra həbs mesajı verməsi Ermənistanda qarşıdurmalı siyasi atmosferin dərinləşdiyini göstərir.

Paşinyanın bu çıxışı Ermənistan daxilində siyasi qarşıdurmanı daha da dərinləşdirə bilərmi? Onun sərt seçki dili onun reytinqini artırır, yoxsa əksinə, riskləri çoxaldır?

Mövzu ilə bağlı professor Qabil Hüseynli Musavat.com-a danışıb:

"Xeyr, heç bir risk olmayacaq, əksinə Paşinyanın əleyhdarlarına dəmir yumruq lazımdır. Yalnız bununla onları haqqın yoluna gətirmək olar. Təsəvvür edin, Putin Ermənistana 100 min erməni göndərir, onlar da 50 milyon dollar pul xərcləyib Ermənistanda, xüsusən də İrəvanda qarışıqlıq törədirlər. Buna qarşı ciddi tədbir görmədən və onlara qarşı hakimiyyətin sərt üzünü göstərmədən onları bir məcraya yönəltmək çətin olacaq.

Məlum olduğu kimi, Putinin Ermənistana göndərdiyi həmin şəxsləri hərbi xidmətə çağırırlar və yaxud həbsxanaya göndərirlər. Bu da onların gözünü qırır. Əminəm ki, möhkəm “əl dəmir yumruq” siyasəti öz təsirini göstərəcək. Erməni qorxaq millətdir, onlar çəkilib qınına girəcəklər.

Görürük ki, Köçəryan da artıq ehtiyatlı danışır, deyir ki, “biz seçkilər saxtalaşdırılsa, küçə nümayişlərinə başlayacağıq”. İndidən fəaliyyətləri üçün əlverişli zəmin hazırlayır. Amma seçkiləri heç kim saxtalaşdıra bilməyəcək, seçki normal keçəcək. 17 partiyanın nümayəndəsinin olduğu yerdə seçkiləri saxtalaşdırmaq mümkün deyil".
Professor qeyd edib ki, Paşinyan kifayət qədər seçkilərə çox inamla gedir. Onun ötən gün keçirdiyi mitinq göstərdi ki, təkcə İrəvanda nə qədər çox tərəfdarı var:

"Hesab edirəm ki, ən azı seçkilərdə Paşinyanın partiyası 60–65 faizdən çox səs toplayıb qələbəni təmin edəcək.
Ondan sonra Köçəryandan Xocalı qətliamları, Sarkisyanı da istəmək lazımdır. Üstəlik, 2008-ci ildə martın 1-də prezident seçkilərindən sonra nümayişə çıxan adamlara qarşı güllə atılması haqqında əmr vermişdi. Köçəryan həmin vaxt 132 nəfərin öldürülməsinə səbəb olmuşdu.

Sonradan yalan məlumat yaydılar ki, guya 32 nəfərdir, amma 132 nəfər idi. Bütün bunlar haqqında cinayət işi var, istintaq bu cinayətin təqdiqatını aparır. Seçkilərdən sonra Köçəryan haqqında qərar verilməlidir: ya həbs olunmalıdır, ya da Azərbaycanın təkidi ilə beynəlxalq məhkəməyə verilməlidir.

Yəni qarışıqlıq olmayacaq. Qarışıqlıq salmaq istəyənlərin qarşısı sərt şəkildə alınacaq və onlar həbs ediləcəklər. Bir sözlə, seçkilərə heç kim kölgə sala bilməyəcək.

Tramp deyir ki, Paşinyan yaxşı oğlandır, onun seçkilərdə qalib gəlməsini istəyirəm və əlimizdən nə gəlirsə kömək edəcəyik. Bu açıqlamadan sonra Paşinyan üçün hər hansı təhlükə ola bilərmi?

Bizim üçün də sakit Ermənistan və ağıllı adamın seçildiyi Ermənistanla yaxın qonşuluq münasibətləri qurmaq çox önəmlidir".


Geri qayıt