Əsas Səhifə > Güney Press > “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...”

“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...”


Bu gün, 10:55

“Bəllidir ki, Ermənistandakı bu seçkilər əsasən hökumətin formalaşdırılması məqsədi daşıyır, yəni “hakimiyyətdə kim qalacaq” sualı önəmlidir. Azərbaycanın isə qonşu ölkədəki seçkilərlər bağlı bir əsas marağı var: sülh prosesinin davam etməsi... Bilirik ki, sülh prosesinin davamı üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli və referendum keçirilməlidir. Əgər konstitusiya dəyişməzsə, sülh sazişi qüvvəyə minməyəcək və nəticədə Azərbaycan və Ermənistan arasındakı sülh prosesi, demək olar ki, dayanacaq. Bu baxımdan əsas məqam ondan ibarətdir ki, Paşinyan seçkilərdə qalib gəlsə də, parlamentdə konstitusiya çoxluğu əldə edə biləcək, yoxsa yox. Çünki konstitusiya çoxluğu ona referendum elan etməyə və Konstitusiyanı dəyişdirməyə imkan verəcək.”
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov səsləndirib.
“Yəni sülh prosesinə qarşı çıxan qüvvələrin əsas məqsədi məhz odur ki, Paşinyan konstitusiya çoxluğu əldə edə bilməsin və Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum baş tutmasın. Hazırda əsas oyunlar bunun ətrafında gedir. Amma biz anlamalıyıq ki, Paşinyanın da öz maraqları var. Və təbii ki, öz mövqeyini gücləndirmək və lazım olan addımları atmamaq üçün o, ictimai təzyiq və müxalifət amilindən istifadə edir. O, hay-küy qaldırır ki, “Ay haray, qoymayın, məni devirəcəklər. Məni sıxmayın, mənim mövqeyimi zəiflətməyin, mənə Zəngəzur mövzusunda təzyiq etməyin, delimitasiya, demarkasiya mən istədiyim şəkildə olsun” və s. Lakin bəziləri Paşinyanın davranışlarını qiymətləndirərkən bu amili nəzərə almırlar”, -deyə davamında siyasi şərhçi bildirib.
“Paşinyan həmişə olduğu kimi millətçi və sadəcə olaraq reallığı daha yaxşı başa düşən bir siyasətçidir. Amma Azərbaycanın da öz maraqları var. Ölkənin əsas hissəsi ilə Naxçıvan arasında əlaqələr bərpa edilməli və onların təhlükəsizliyi təmin olunmalıdır. Həmçinin bu, eksteritorial bir bağlantı olmalıdır. Biz bu məsələləri siyasi gündəmdən çıxarmamalıyıq. Və Paşinyanı həddindən artıq ideallaşdırmadan məsələyə daha realist yanaşmaq lazımdır”, - keçmiş xarici işlər naziri vurğulayıb.

Geri qayıt