Əsas Səhifə > Güney Press > Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdüBu gün, 09:35 |
|
Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən M.Səfərəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İttihama görə, hadisə 18 fevral 2026-cı il tarixdə saat 17:30 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib. Belə ki, M.Səfərəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə Cəmşid Naxçıvanski küçəsində hərəkətdə olarkən digər sürücü O.Əliyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobilin ona yol vermədiyini iddia edərək mübahisə yaradıb. İstintaq materiallarına əsasən, tərəflər arasında yaranmış narazılıq fonunda təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan maşından düşərək yaşayış binasının qarşısında O.Əliyevə yaxınlaşıb. O, ictimai yerdə ətrafdakı şəxslərin gözü qarşısında cəmiyyət tərəfindən qəbul edilmiş davranış qaydalarına etinasız münasibət nümayiş etdirərək qarşı tərəfə qarşı zor tətbiq edib. M.Səfərəliyev qəsdən yumruqla onun sifət nahiyəsinə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə alt çənənin sağ yarısının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirilib. Cinayət işinin materiallarında qeyd olunur ki, hadisə ictimai yerdə – yaşayış binasının qarşısında baş verdiyindən ətrafda olan sakinlərin narahatlığına səbəb olub. Təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirilməsi, habelə əxlaq və birgəyaşayış normalarına saymaz münasibət göstərilməsi kimi qiymətləndirilib. İttihama əsasən, M.Səfərəliyev şəxsi narazılığı və yol hərəkəti zamanı yaranmış mübahisəni zor tətbiq etməklə həll etməyə çalışıb, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurub və ətrafdakı şəxslərin normal həyat tərzini pozan hərəkətlərə yol verib. Geri qayıt |