Əsas Səhifə > Güney Press > "Azərbaycan 90-cı illərin ölkəsi deyil”
"Azərbaycan 90-cı illərin ölkəsi deyil”Bu gün, 10:50 |
|
"Mən cənab Prezidentin çıxışına qulaq asmışam. Ümumiyyətlə, bilirik ki, doğrudan da 30 il ərzində Azərbaycanda Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Həm siyasi, həm də iqtisadi baxımdan bu sərginin böyük əhəmiyyəti var". Bu sözləri “AzPolitika”ya açıqlamasında sabiq millət vəkili, tanınmış iqtisadçı alim Vahid Əhmədov Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və dövlət başçısının buradakı çıxışını şərh edərkən bildirib. O, qeyd edib ki, bu müddət ərzində ABŞ, Türkiyə, Böyük Britaniya və digər dövlətlərin rəhbərləri və ya yüksək səviyyəli nümayəndələri mütəmadi olaraq bu sərgiyə qatılırlar: "Sərgidə əsas neft-qaz ölkələrinin stendləri qurulur, müasir texnologiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə edilir. Burada şirkətlər arasında yeni əlaqələr yaranır, əməkdaşlıq genişlənir və innovativ texnologiyalar təqdim olunur". V.Əhmədov Azərbaycanın ötən onilliklərdə böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Əlbəttə, Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Bilirik ki, 1992-ci ildə ölkədə kifayət qədər ciddi problemlər var idi. Torpaqlarımızın 20 faizi işğal altında idi, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Ölkə ağır iqtisadi vəziyyətlə üz-üzə qalmışdı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması üçün zəmin yaratdı. Bu müqavilə sayəsində ötən müddət ərzində ölkəyə neft və qaz sektorundan milyardlarla dollar vəsait daxil olub. Həmin vəsaitlərin bir hissəsi sosial sahəyə, bir hissəsi ise investisiya layihələrinə yönəldilib. Bu da həm neft-qaz sənayesinin inkişafına, həm də insanların sosial rifahının yaxşılaşmasına öz müsbət təsirini göstərib". Sabiq millət vəkili Avropanın enerji təhlükəsizliyində Bakının rolunun artdığını diqqətə çatdırıb: "Mən hesab edirəm ki, Azərbaycanda neft-qaz sənayesinin inkişafı, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, Azərbaycan qazının Avropa ölkələrinə ixracı mühüm əhəmiyyət daşıyır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan qazına tələbat daha da artıb. Hazırda da qaz ehtiyacları ilə bağlı proqnozlar kifayət qədər yüksəkdir. Hesab edirəm ki, Azərbaycan gələcəkdə də qaz ixracını artıracaq. Ümumilikdə, bu sərginin keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin sərgidəki çıxışı da Azərbaycanın keçdiyi inkişaf yolunu bir daha nümayiş etdirir". Mövcud problemlərə və regional risklərə də toxunan V. Əhmədov bildirib: "Düzdür, problemlər hər zaman olur. Nə qədər inkişaf əldə edilsə də, həllini gözləyən məsələlər qalır. Təhlükəsizliklə bağlı risklər də mövcuddur. Vaxtilə Azərbaycanın neft və qaz kəmərlərinə qarşı müxtəlif təxribat cəhdləri olub. Azərbaycanın müstəqilliyini və inkişafını istəməyən qüvvələr də mövcuddur. Buna baxmayaraq, Azərbaycan qonşu dövlətlərlə münasibətləri inkişaf etdirməyə və əməkdaşlığı genişləndirməyə çalışır". Vahid Əhmədov Azərbaycanın cari iqtisadi dayanıqlığını rəqəmlərlə ifadə edib: "Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf edir. Ölkənin dövlət borcu ÜDM-in təxminən 6 faizi səviyyəsindədir ki, bu da kifayət qədər aşağı göstəricidir. Valyuta ehtiyatlarımız isə 80 milyard dolları ötüb. Bütün bunlar ölkədə iqtisadi sabitliyin və inkişafın göstəriciləridir. 2025-ci ildə iqtisadi artım tempində müəyyən zəifləmələr müşahidə olunsa da, bu, əsasən dünyada baş verən geosiyasi proseslər, Rusiya-Ukrayna müharibəsi, qlobal iqtisadi durğunluq, inflyasiyanın yüksəlməsi və digər amillərlə bağlıdır". Sərginin qlobal nüfuzunu və ölkəmizin alternativ enerji strategiyasını xatırladan V.Əhmədov fikirlərini bu sözlərlə yekunlaşdırıb: "Azərbaycanda hər il Neft və Qaz Sərgisinin keçirilməsi yenə də bizim üçün böyük əhəmiyyət daşıyır. Burada iştirak edən şirkətlərin əksəriyyəti dünya miqyasında tanınmış neft-qaz şirkətləridir. ABŞ, Türkiyə və digər ölkələrdən yüksək səviyyəli nümayəndələrin tədbirdə iştirakı da sərginin nüfuzunu göstərir. Nə qədər ki, dünyada neft və qaza ehtiyac var, Azərbaycan bu sahədə mühüm rol oynamağa davam edəcək. Bəli, hazırda alternativ enerji mənbələrinin inkişafı sürətlənir. Külək və günəş enerjisindən istifadə genişlənir. Azərbaycan da bu istiqamətdə ciddi addımlar atır. Xızıda, Yaşmada və digər bölgələrdə bərpa olunan enerji layihələri həyata keçirilir. Xarici şirkətlərlə mühüm müqavilələr imzalanıb və onların bir hissəsi artıq icra mərhələsindədir. Prezidentin də qeyd etdiyi kimi, gələcəkdə külək və günəş enerjisinin payının artırılması istiqamətində işlər davam etdiriləcək. Bununla yanaşı, neft və qaz ixracından əldə olunan gəlirlər ölkənin sosial rifahının yüksəlməsinə və iqtisadi inkişafına xidmət edəcək. Bir daha qeyd edirəm ki, bu sərginin keçirilməsi həm iqtisadi, həm siyasi, həm də Azərbaycanın dünyada etibarlı enerji tərəfdaşı kimi tanınması baxımından böyük əhəmiyyət kəsb edir. Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı da bunu bir daha təsdiqləyir". Geri qayıt |