Əsas Səhifə > Güney Press > Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım”
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım”Bu gün, 09:57 |
|
Lənkəran Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Tahir Mamedovun cinayət işinin bəzi detalları məlum olub. Pravda.az-ın etdiyi məlumata görə, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktına əsasən, Tahir Mamedov bacısı, 2009-cu il təvəllüdlü F.Mamedova özünə məxsus çılpaq fotoşəklini sosial şəbəkə vasitəsilə naməlum şəxsə göndərdiyini öyrəndikdən sonra qısqanclıq və ailə namusuna xələl gətirildiyi qənaəti ilə onu öldürmək qərarına gəlib. Hadisə 2025-ci il sentyabrın 5-də, axşam saatlarında Ağcabədi rayonunun Pərioğullar kəndində ailəsinin yaşadığı fərdi yaşayış evində baş verib. Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə qohumlarının doğum günü mərasimində iştirak edərkən bacısının anasına məxsus mobil telefondan istifadə etdiyini görüb. Telefonu yoxlayan zaman o, F.Mamedovanın “Instagram” sosial şəbəkəsi üzərindən naməlum profil sahibi ilə yazışdığını və özünün çılpaq vəziyyətdə çəkdirdiyi fotoşəkli həmin şəxsə göndərdiyini aşkarlayıb. Bundan sonra məsələ ailə üzvlərinin iştirakı ilə müzakirə edilib, yeniyetmə qıza irad bildirilib və ona bu cür hərəkətlərin yolverilməz olduğu izah olunub. Tahir istintaqa verdiyi ifadəsində deyib ki, həmin hadisədən sonra bacısının davranışını qəbul edə bilməyib və onu cəzalandırmaq barədə düşünməyə başlayıb. Onun sözlərinə görə, ailənin şərəf və ləyaqətinə xələl gətirildiyini hesab etdiyindən bacısını öldürmək qərarına gəlib. İş materiallarına əsasən, ailə üzvləri doğum günü mərasimindən sonra yaşadıqları evə qayıdıblar. Təxminən saat 19 radələrində təqsirləndirilən şəxs evin mətbəxindən məişət təyinatlı bıçaq götürərək onu gizlədib və F.Mamedovanın olduğu otağa daxil olub. Otaqda heç kimin olmadığı vaxtda bacısını yanına çağıraraq yaxınlaşdırıb və əvvəlcədən hazırladığı bıçaqla onun döş qəfəsinin sağ yuxarı nahiyəsinə bir dəfə zərbə endirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsə yetirilmiş xəsarət döş qəfəsinin sağ hissəsindən döş və qarın boşluğuna nüfuz edən, diafraqma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti olub. Hadisədən dərhal sonra ailə üzvləri yaralını xəstəxanaya çatdırsalar da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Məhkəmədə Tahir Mamedov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib. Bununla əlaqədar onun ibtidai istintaq dövründə verdiyi ifadələr elan olunub. Həmin ifadələrdə təqsirləndirilən şəxs bacısının əvvəllər hər hansı problem yaratmadığını, lakin qarşı cinslə münasibətlər qurmasına və sosial şəbəkələrdən istifadəsinə mənfi yanaşdığını bildirib. O qeyd edib ki, F.Mamedovanın sözügedən fotoşəkli göndərdiyini gördükdən sonra əsəbiləşib və onu öldürmək niyyəti formalaşıb. Tahir hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, hazırda isə törətdiyi əmələ görə peşman olduğunu söyləyib. Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən anası ifadəsində ailə daxilində ciddi münaqişələrin olmadığını, hadisə gününədək övladları arasında hər hansı düşmənçilik müşahidə etmədiyini deyib. O bildirib ki, qızının sosial şəbəkədə paylaşdığı fotoşəkli gördükdən sonra ailə üzvləri onu sadəcə tənbeh ediblər. Hadisədən bir qədər sonra isə qızının qanlar içində olduğunu görərək təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıblar. Zərərçəkmişin anası məhkəmədə oğlunun törətdiyi əməli səhv hesab etdiyini bildirsə də, onun övladı olduğunu nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və ya tələbinin olmadığını qeyd edib. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş tərəfin və şahidlərin ifadələrini, eləcə də iş üzrə toplanmış digər sübutları araşdıraraq belə nəticəyə gəlib ki, Tahir Mamedov bacısını qəsdən öldürüb. Məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə cinayətinin tərkibinin tam sübuta yetirildiyini hesab edib. Hökmə əsasən, Tahir Mamedov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Geri qayıt |