Əsas Səhifə > Güney Press > Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərarBu gün, 17:09 |
|
ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Keleb Orrun sözlərinə görə, Vaşinqton Bakı ilə əməkdaşlıqdan ciddi fayda əldə edir və bu münasibətlərin qarşıdakı illərdə daha da genişlənəcəyinə inanır. O bildirib ki, Azərbaycan dünyanın aparıcı enerji istehsalçılarından biri kimi ABŞ üçün mühüm strateji tərəfdaş hesab olunur. ABŞ-ın xüsusilə də 8 avqust tarixindən sonra, Bakıya marağı yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycan həm də regional nəqliyyat qovşağı, yeni texnologiyalar üçün perspektivli tərəfdaş və geoiqtisadi baxımdan mühüm ölkə kimi ABŞ-ın diqqət mərkəzindədir. Bu isə iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha geniş və çoxşaxəli xarakter alacağını göstərir. Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, ABŞ-da prezidentlərin kimliyindən asılı olaraq Azərbaycana münasibət bəzən dəyişsə də, ümumilikdə əlaqələr müsbət olub: “ABŞ Konqresində və Dövlət Departamentində müəyyən problemlər ola bilər, amma Ağ Ev ölkəmizlə münasibətləri xüsusi diqqətdə saxlayır. Vaşinqton Bakı ilə əsasən iki istiqamətdə əməkdaşlıqda maraqlı olub. Birincisi Avropanın enerji təhlükəsizliyidir. Azərbaycan həm özü, həm də qonşu ölkələrlə birlikdə Avropaya enerji nəqlini təmin edir. Yəni həm enerji satır, həm də hab rolunu oynayır. İkinci məsələ ABŞ-ın Azərbaycanla birlikdə terrorizmlə mübarizə aparmasıdır. Məsələn, Əfqanıstanda “Əl-Qaidə” ilə mübarizə aparılarkən Bakı ilə çox yaxından əməkdaşlıq edilmişdi. Bu sahədə hərbi əməkdaşlıq indi də davam edir. Bundan başqa, Azərbaycan ABŞ-la birlikdə sülhməramlı missiyalara qatılır”. Politoloq bildirib ki, Donald Trampın prezident seçilməsi ilə iki ölkə arasındakı münasibətlər daha da inkişaf edib: “Tramp Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində xüsusi aktivlik göstərdi. Proses bu gün də davam edir. Digər ABŞ prezidentlərindən fərqli olaraq, Donald Tramp münaqişənin həllində konstruktiv mövqeyi ilə seçilir. Vaşinqton görüşü bu prosesə verilən ən böyük töhfə idi. ABŞ ilk dəfə bu qədər açıq şəkildə dəstək bildirib. ABŞ Azərbaycandan keçən Orta Dəhlizə və Zəngəzur dəhlizinə maraq göstərir. Dəhlizin “Tramp yolu” adlandırılması da bundan qaynaqlanır. ABŞ Cənubi Qafqazda həyata keçirilən digər layihələrdə də maraqlıdır”. Geri qayıt |