Əsas Səhifə > Güney Press > "Koçaryanı tarixin zibilliyinə atacaqlar..."
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..."Bu gün, 16:59 |
|
"Ermənistanda iyun ayının 7-nə təyin olunan parlament seçkilərindən sonra ölkədə ciddi toqquşmaların baş verməsi və vətəndaş müharibəsi ehtimalı olduqca aşağıdır". *AzPolitika" xəbər verir ki, bu barədə keçmiş deputat, tanınmış ziyalı Etibar Əliyev Ermənistandakı son siyasi prosesləri şərh edərkən bildirib.E.Əliyev qeyd edib ki, yerli ekspertlərin bir çoxu seçkidən sonra Rusiya faktorunun da təsirilə ciddi toqquşmaların qaçılmaz olduğunu iddia etsələr də, real mənzərə tam fərqlidir. Qərbi Azərbaycanda erməni dilini mükəmməl öyrəndiyini və uzun müddətdir Ermənistandakı seçki marafonunu birbaşa mənbələrdən izlədiyini vurğulayan sabiq deputat gəldiyi mühüm qənaətləri bölüşüb: "Bu ölkədə hazırda insanları vətəndaş müharibəsinə sürükləyəcək hər hansı bir daxili impuls yoxdur. Əvvəlki dövrlərdə ölkəni fəlakətə sürükləyən müharibə tərəfdarı, ekstremist ünsürlərin bir qismi artıq yoxdur, yerdə qalanlar isə tam bir susqunluq nümayiş etdirirlər".Ermənistanın keçmiş prezidenti, revanşist qüvvələrin rəhbəri Robert Koçaryanın seçki kampaniyasına toxunan E.Əliyev, onun ağır siyasi məğlubiyyətlə üz-üzə olduğunu vurğulayıb: "Koçaryanın seçicilərlə görüşlərində onun pessimist durumda olması açıq-aşkar hiss olunur, çünki yerli əhali onu dəstəkləmir. Vaxtilə hiyləgərcəsinə manipulyasiya etdiyi Qarabağ faktoru hələ də onun təhtəlşüurundan silinməyib. Hegelin məşhur sözü ilə ifadə etsəm, onun şüuru bədbəxtçilikdən xilas olmayıb. Və əminliklə demək olar ki, bu seçki onu birdəfəlik tarixin zibilliyinə atacaq. Rəqəmlər də bunu deyir: Koçaryanın sosial şəbəkələrdə və televiziyalarda izləyici sayı hazırkı Baş nazir Nikol Paşinyandan 50-100 dəfə azdır". "Z nəsli müharibə istəmir, yaşlı nəsil isə dərs alıb" Keçmiş deputatın sözlərinə görə, erməni cəmiyyətində sülhə doğru ciddi bir adaptasiya prosesi gedir. Xüsusilə gənc nəslin revanşist ideyalardan uzaq olduğunu qeyd edən ekspert bildirib: "Ermənistanda yeni yetişən 'Z nəsli'nin siyasi proseslərə marağı demək olar ki, yoxdur. Onlar üçün 'müharibə' tamamilə yad və qəbuledilməz bir anlayışdır. Orta və yaşlı nəsil isə ötən illərin səhvlərindən kifayət qədər ibrətamiz dərslər çıxarıb. Bu səbəbdən Rusiyanın ölkədə daxili qarşıdurma yaratmaq ehtimalı çox aşağıdır". Şərhinin sonunda regionun gələcək perspektivini dəyərləndirən Etibar Əliyev, Azərbaycan və Ermənistan rəhbərliyinin apardığı danışıqların tarixi əhəmiyyətinə diqqət çəkib: "Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın regionda sülhün əldə olunması istiqamətində apardıqları uğurlu danışıqlar, eləcə də onların nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına birgə layiq görülmələri regionda yüksək səviyyəli qarşılıqlı anlaşmanın əldə olunmasının bariz sübutudur. Dünyanın aparıcı dövlətlərinin və qlobal güclərin də bu sülh prosesinə dəstəyi açıq-aşkar ortadadır". Geri qayıt |