Əsas Səhifə > Güney Press > İrana qarşı yeni plan:

İrana qarşı yeni plan:


Bu gün, 18:29

İran Prezidenti Məsud Pezeşkianın istefa vermək niyyətində olduğuna dair iddia yayılıb.

Bu barədə Böyük Britaniyada fəaliyyət göstərən “Iran International” telekanalı məlumat yayıb.

İddialara görə, M.Pezeşkian öz postunu tərk etməsi ilə bağlı ölkənin Ali Lideri Müctəba Xameneiyə rəsmi müraciət ünvanlayıb.

Bununla belə, İran rəhbərliyi telekanalın məlumatını təkzib edib.

Belə ki, İran Prezidentinin Administrasiyasının Kommunikasiya bölməsinin rəhbəri mehdi Tabatabai həmin iddiaları yalan və şayiə adlandırıb.

İran hökumətinin mətbuat katibi Fatimə Mohecerani isə Nazirlər Kabinetinin hazırda öz işini əvvəlki kimi davam etdirdiyini bildirib.

Pezeşkianın istefası ilə bağlı yayılan iddialar İran daxilində hansı siyasi proseslərin göstəricisidir? İstefa iddialarında "SEPAH-ın bütün səlahiyyətləri ələ alması” nə dərəcədə real görünür?

Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, Böyük Britaniyada, İrana müxalif telekanal tərəfindən Pezeşkianın istefası ilə bağlı yayılan xəbərlərin ABŞ və İran arasında hərbi qarşıdurmanın kəskin mərhələyə daxil olduğu bir dövrdə gündəmə gətirilməsi İrana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilə bilər:

"Bu cür iddialar İran siyasi elitası daxilində parçalanmanı dərinləşdirmək, hakimiyyətdaxili qarşıdurmanı gücləndirmək, eləcə də İran hakimiyyətinin legitimliyini itirməsi ilə bağlı şayiələrin kütləviləşməsinə xidmət etmək məqsədi daşıyır.

Nəticə etibarilə, belə informasiya siyasəti hakimiyyətin müqavimət imkanlarını zəiflətməyə və onun legitimlik əsaslarını sarsıtmağa hesablanmış addım kimi dəyərləndirilir”.

Politoloq qeyd edib ki, hərbi müdaxilə və açıq təcavüz yolu ilə rəsmi Tehranı geri çəkilməyə məcbur edə bilməyən qlobalistlər İran hakimiyyəti daxilində parçalanmanın olması ilə bağlı gerçəkliklərdən uzaq xəbərləri yaymaqla İranda hakimiyyət və xalq arasında münasibətlərdə güvənsizlik, etimadsızlığın daha da güclənməsinə ümid edirlər:

"Dezinformasiyanın yayılması dünya enerji bazarlarında qiymət artımı ilə bağlı siyasəti nəzarət altında saxlamaq, bölgədə nüfuz dairəsi uğrunda güc mərkəzləri arasında gedən geosiyasi mübarizənin dərinləşməsinə xidmət istəyindən irəli gəlir.

Anqlosakslar gözəl anlayırlar ki, müasir müharibələrdə qələbənin təmin edilməsi hərbi, diplomatik sahələrlə yanaşı informasiya cəbhəsində də işlərin müvafiq səviyyədə aparılmasını tələb edir".


Geri qayıt