Əsas Səhifə > Güney Press > Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb

Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb


Bu gün, 15:06

BOKT “Viator Mikrokredit Azerbaijan” MMC-nin 2025-ci il üzrə xalis mənfəəti 354,5 min manat təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi olan 790,3 min manatla müqayisədə 55,1% aşağıdır.

Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.

Mənfəətin kəskin geriləməsinin əsas amili inzibati və əməliyyat xərclərinin 1,77 mln manatdan 2,05 mln manata (illik müqayisədə 15,8%) artmasıdır.

BOKT-nin ümumi faiz gəlirləri 2025-ci ildə 2,69 mln manat olub, 2024-cü ilin 1,87 mln manatı ilə müqayisədə 43,6% artıb. Faiz xərcləri isə eyni dövrdə 392,3 min manatdan 471,4 min manata — 20,2% yüksəlib. Bununla belə, inzibati xərclərin gəlirlərə nisbətdə daha sürətli artımı xalis nəticəyə mənfi təsir göstərib. Belə ki, bu BOKT-də xərc-gəlir nisbəti 2024-cü ildəki 69,6%-dən 2025-ci ildə 76,2%-ə çatıb.

Cəmi aktivlər 2025-ci ilin sonuna 10,29 mln manat olmaqla illik müqayisədə 21,3% artıb. Aktivlərin 90,1%-ni kredit portfeli təşkil edir. Belə ki, müştərilərə verilmiş xalis kreditləri illik 19,2% böyüməklə 9,27 mln manata qalxıb. Gözlənilən kredit zərərləri üzrə ehtiyat 374,7 min manatdan 442,1 min manata yüksəlib.

Cəmi öhdəliklər 62,2% artımla 4,01 mln manata qalxıb. Vacib məqam budur ki, BOKT-nin öhdəliklərindəki bu artımın əsas hissəsi müddətli borclanmaların 145.1% artımla 3,37 mln manata qalxmasıdır.

Hesabat müddətində cəmi kapital 6,01 mln manatdan 6,28 mln manata qalmaqla illik 4,5% artıb. BOKT keçən il 85 min manat məbləğində dividend ödənilib. Bununla belə, bölüşdürülməmiş mənfəət 5,52 mln manat olmaqla kapital mövqeyini güclü saxlayır. Qalan 693,8 min manat nizamnamə kapitalıdır.

Bundan əlavə təşkilat keçən il işçi xərclərini 8% artırmaqla 1,52 mln manata qaldırıb ki, bu göstərici inzibati xərclərin ən iri xərci olmaqda davam edir.

Xatırladaq ki, “Viator Microcredit Azerbaijan” MMC 2002-ci ilin dekabr ayında Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qeydiyyata alınıb. Nizamnamə kapitalı 694 min manatdır. BOKT-nin yeganə səhmdarı Norveç Krallığında qeydiyyatlı “Viator AS”-dır.


Geri qayıt