Əsas Səhifə > Güney Press > "Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır"

"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır"


Bu gün, 12:36

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ölkənin daxili siyasi həyatı ilə məhdudlaşmır. Bu seçkilər əslində Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək mühüm siyasi sınaq kimi qiymətləndirilir. Məsələ yalnız Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması və ya onu başqa siyasi qüvvənin əvəz etməsi deyil. Söhbət Ermənistanın növbəti illərdə hansı siyasi və təhlükəsizlik sisteminə inteqrasiya olunacağından gedir.
"Reuters" agentliyinin Qərb kəşfiyyat mənbələrinə istinadən yaydığı araşdırma da məhz bu baxımdan diqqət çəkir. Araşdırmada Kremlin Ermənistanda seçkilər ərəfəsində təsir əməliyyatları hazırladığı iddia olunur.
Mövzunu Qaynarinfo-ya şərh edən siyasi təhlilçi Azər Rəşidoğlu hesab edir ki, burada əsas məsələ Paşinyan amili deyil:
"Rusiyanın narahatlığı Paşinyanın şəxsiyyəti ilə bağlı deyil. Kreml üçün əsas problem Ermənistanın son illərdə geosiyasi seçimlərini dəyişməyə başlamasıdır. Moskva yaxşı anlayır ki, Ermənistanın Qərbə inteqrasiyası təkcə İrəvanın siyasi qərarı deyil, bu, bütövlükdə postsovet məkanında yeni tendensiyanın başlanğıcı ola bilər".
Siyasi şərhçinin sözlərinə görə, 2020-ci il müharibəsindən və xüsusilə 2023-cü ildə Qarabağda baş verən hadisələrdən sonra erməni cəmiyyətində Rusiyanın təhlükəsizlik təminatçısı kimi imicinə ciddi zərbə dəyib:
"Uzun illər Ermənistanın siyasi elitası və cəmiyyəti Rusiyanı təhlükəsizliyin əsas təminatçısı hesab edirdi. Lakin son hadisələrdən sonra bu yanaşma dəyişməyə başlayıb. KTMT-nin passivliyi, Moskvanın gözlənilən dəstəyi verməməsi və Ermənistanın təhlükəsizlik narahatlıqlarına adekvat reaksiya göstərməməsi İrəvanı alternativlər axtarmağa sövq edib".
Azər Rəşidoğlu qeyd edib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi, ABŞ ilə hərbi əməkdaşlığın genişlənməsi və Qərblə siyasi dialoqun dərinləşməsi Moskva tərəfindən təsadüfi proses kimi qəbul edilmir:
"Kreml bu proseslərə Ermənistanın xarici siyasətində taktiki dəyişiklik kimi yox, strateji kurs dəyişikliyi kimi baxır. Məhz buna görə də İrəvanda keçiriləcək seçkilər Moskva üçün adi parlament seçkisi deyil".
Politoloqun fikrincə, "Reuters"in araşdırmasında yer alan və Rusiyada yaşayan ermənilərin seçkilərdə iştirak etmək üçün ölkəyə daşınması ilə bağlı iddialar da məhz bu kontekstdə qiymətləndirilməlidir.
"Burada diqqət çəkən məqam insanların sayı deyil. Əsas məsələ siyasi təsir imkanlarının hansı mexanizmlərlə həyata keçirilməsidir. Rusiyada böyük erməni diasporu yaşayır və onların əhəmiyyətli hissəsinin iqtisadi fəaliyyəti Rusiya ilə bağlıdır. Bu amilin siyasi davranışlara təsir göstərə biləcəyini istisna etmək olmaz. Ancaq hazırda bu iddiaların tam təsdiqləndiyini söyləmək də doğru olmazdı", deyə o vurğulayıb.
Azər Rəşidoğlu hesab edir ki, müasir dünyada seçkilər artıq yalnız seçki məntəqələrində keçirilmir:
"İnformasiya texnologiyaları siyasi mübarizənin əsas alətlərindən birinə çevrilib. Bu gün seçkinin nəticəsinə sosial şəbəkələr, bot şəbəkələri, informasiya kampaniyaları və rəqəmsal platformalar ciddi təsir göstərir. ABŞ-dan Moldovaya qədər müxtəlif ölkələrdə bunun nümunələrini görmüşük. Ermənistan da bu proseslərdən kənarda deyil".
Siyasi təhlilçinin fikrincə, Ermənistan seçkilərinin nəticələri Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır.
"İrəvanın gələcək xarici siyasət kursu regiondakı qüvvələr balansına təsir göstərəcək. Paşinyanın hakimiyyətdə qalması halında Qərblə inteqrasiya xəttinin davam etməsi ehtimalı yüksəkdir. Əks halda, Rusiyaya daha yaxın qüvvələrin mövqeləri güclənə bilər. Bu isə sülh prosesi, regional kommunikasiyalar, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərinə birbaşa təsir göstərəcək".
Azər Rəşidoğlu hesab edir ki, Kremlin əsas narahatlığı seçkinin konkret nəticəsindən daha çox Ermənistanın geosiyasi istiqamətidir:
"Kremlin narahatlığı Ermənistanın Qərbə inteqrasiyasının uğurlu nümunəyə çevrilməsi ehtimalıdır. Çünki söhbət artıq bir ölkədən yox, postsovet məkanında təsir uğrunda gedən böyük geosiyasi rəqabətdən gedir".
Siyasi şərhçinin qənaətinə görə, iyunun 7-də keçiriləcək seçkilərdən sonra Ermənistanın hansı siyasi qüvvə tərəfindən idarə olunacağından daha vacib olan məsələ ölkənin hansı geosiyasi kursu seçəcəyidir:
"Bu seçkilərdə əsl mübarizə partiyalar arasında deyil, iki fərqli siyasi model arasında gedir. Ermənistan gələcəyini Moskva ilə ənənəvi ittifaqda, yoxsa Qərb institutları ilə daha sıx inteqrasiyada görəcək? Bu sualın cavabı təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyinə təsir göstərəcək".

Geri qayıt