Əsas Səhifə > Güney Press > Bakıda marketdə qadın müştəri kassiri döydü
Bakıda marketdə qadın müştəri kassiri döydüBu gün, 10:46 |
|
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İlhamə Əsədzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib. İttihama görə, hadisə bu il paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərinin birində baş verib. Belə ki, İlhamə Əsədzadə alış-veriş etmək məqsədilə marketə gəlib və aldığı məhsulların ödənişini etmək üçün kassaya yaxınlaşıb. Kassada növbə gözlədiyi vaxt digər kassada çalışan əməkdaş onu boş kassaya yaxınlaşmağa dəvət edib. Məhsullar kassadan keçirildikdən sonra təqsirləndirilən şəxs bonus kartını təqdim etmək üçün mobil telefonunda axtarış apararkən, kassir Zəminə Həsənova (adı, soyadı şərtidir) digər müştərilərin gözlədiyini nəzərə alaraq məhsulları sellofan paketə yığmasını istəyib. Bu zaman tərəflər arasında məhsulların qablaşdırılması məsələsinə görə sözlü mübahisə yaranıb. Mübahisə daha sonra alınan pendir məhsulunun ayrıca sellofan paketə qoyulmaması səbəbindən davam edib. İlhamə kassirə bunun səbəbini soruşduqda, sonuncu məhsulu görmədiyini bildirib. Bundan sonra tərəflər arasında gərginlik artıb və kassir kassanı tərk edərək uzaqlaşıb. İş materiallarına əsasən, təqsirləndirilən şəxs Zəminənin arxasınca gedərək onu çölə çağırıb. Daha sonra marketin mətbəx hissəsində tərəflər arasında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə zərərçəkmiş şəxsin baş nahiyəsinə əli ilə bir dəfə zərbə endirib. Hadisə nəticəsində Zəminəyə sağ alın-təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti alıb. Məhkəmə iclasında İlhamə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, hadisədən sonra zərərçəkmiş şəxslə əlaqə saxladığını, ondan üzr istədiyini və dəymiş ziyanın əvəzi olaraq 400 manat pul ödədiyini bildirib. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxslə barışdıqlarını qeyd edərək, məhkəmədən barəsində olan cinayət işi üzrə icraata barətverici əsaslar olmadan xitam verilməsini xahiş edib. Geri qayıt |