Əsas Səhifə > Güney Press > Trampın sağlıq vəziyyəti açıqlanıb

Trampın sağlıq vəziyyəti açıqlanıb


Bu gün, 12:51

Ağ Ev ABŞ Prezidenti Donald Trampın illik tibbi müayinəsinin nəticələrini ictimaiyyətə təqdim edib.

Prezidentin həkimi Şon Barbabellanın hazırladığı hesabata görə, Trampın ümumi sağlamlıq vəziyyəti “əla” qiymətləndirilib və onun prezidentlik vəzifələrini yerinə yetirməsinə mane olacaq hər hansı fiziki və ya zehni problem aşkarlanmayıb.

Məlumata əsasən, Tramp mayın 26-da Walter Reed Milli Hərbi Tibb Mərkəzində müayinədən keçib. Hesabatda qeyd olunur ki, iyunun 14-də 80 yaşı tamam olacaq prezidentin ürək, ağciyər və nevroloji funksiyaları normaldır və o, Baş Komandan və dövlət başçısı kimi bütün vəzifələrini icra etməyə tam uyğundur.

Bununla yanaşı, boyu 191 santimetr olan Trampın çəkisinin 108 kiloqram olduğu bildirilib. Ötən illə müqayisədə təxminən 6,4 kiloqram kökəldiyi qeyd edilən prezidentə fiziki aktivliyi artırmaq və arıqlamağa davam etmək tövsiyə olunub.

Hesabatın diqqət çəkən məqamlarından biri isə süni intellekt dəstəkli elektrokardioqram analizinin nəticələri olub. Analizə görə, Trampın ürəyinin bioloji yaşı faktiki yaşından təxminən 14 il daha gəncdir. Prezidentin idrak qabiliyyətlərini qiymətləndirən testdə isə mümkün olan 30 baldan 30 bal topladığı bildirilib.

Həkimlər Trampın sağ əlində zaman-zaman görünən göyərmələrə də aydınlıq gətiriblər. Qeyd olunub ki, bu izlər onun tez-tez əl sıxması və ürək-damar xəstəliklərinin profilaktikası məqsədilə qəbul etdiyi aspirinlə əlaqədardır.

"AzPolitika.info"


Geri qayıt