Əsas Səhifə > Güney Press > Tamaşaçılar onun üçün darıxmışdı

Tamaşaçılar onun üçün darıxmışdı


Bu gün, 12:48

Akademik Milli Dram Teatrında İnqmar Berqmanın “Payız sonatası” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Vüsal Rəhimov, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Həsənov, plastik həlli Lalə Hacıyeva, rejissor assistenti isə Könül Kərimovadır. Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibətilə təbrik edib, uğurlar arzulayıb. Yeni səhnə əsərində Xalq artisti Zemfira Nərimanova, əməkdar artistlər Məsmə Aslanqızı və Elşən Rüstəmov iştirak edirlər.
Moderator.az-a özəl açıqlama verən Xalq artisti Zemfira Nərimanova məşqlərə başladıqlarını bildirib:
“Məşqlərə başlamışıq, artıq “çitka” gedir. Əsəri oxudum, bəyəndim. Bu tamaşada oynamağa razılığa gəldim. Bir az çətin əsərdir. Böyük ehtimal tamaşa yeni mövsümdə nümayiş olunacaq. Bunu dəqiq deyə bilmərəm. Bilirsiniz ki, bizim direktorumuz İlham Əsgərov hər sənətkara hörmətlə, diqqətlə yanaşır. Teatrın inkişafı üçün çalışır. 15 ilə yaxındır ki, tamaşa oynamıram. Sonuncu dəfə “Napoleon” tamaşasında səhnəyə çıxmışam. Tamaşaçılar da hər dəfə mənim üçün darıxdıqlarını bildirirlər. Tamaşanın rejissoru da, aktyorları da peşəkarlardır. Ümid edirəm və inanıram ki, tamaşaçılar da bəyənəcəklər”.
Qeyd edək ki, Xalq artisti 2012-ci ildə rejissor Namiq Ağayevin quruluşunda “Napoleon” tamaşasında səhnəyə çıxıb. Sevilən aktrisa bu səhnə əsərində Jozefina rollarını oynayıb. Bundan başqa aktrisa Akademik Milli Dram Teatrının tarixinə həkk olunan, bir-birindən gözəl rollar yaradıb. Sənətkar uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub. Onun dərs dediyi tələbələrin əksəriyyəti bu gün ölkənin müxtəlif teatrlarında çalışır və filmlərə çəkilir.

Geri qayıt