Əsas Səhifə > Güney Press > “Çox danışanda da deyirlər ki, “otur oturduğun yerdə, sənə bu lazımdır?”

“Çox danışanda da deyirlər ki, “otur oturduğun yerdə, sənə bu lazımdır?”


Bu gün, 11:04

“Hər zaman demişəm və yenə deyəcəm ki, bizdə sənətkarlar üçün xüsusi qəbirstanlığın yaradılmasına böyük ehtiyac var. Bizdə iki Fəxri Xiyaban var. Hər aktyoru orada dəfn etmirlər. Amma onlar da şöhrətli aktyorlardır. Bəzi hallarda şöhrətli aktyorlarımız adi qəbirstanlıqlarda dəfn olunurlar. Onlar da axı sənətkardırlar. Mən ona görə də o vaxt forumda təklif etmişdim ki, sənətkarlar üçün xüsusi qəbirstanlıqlar salınsın. Çünki aktyorlar rəhmətə gedəndə hamı bir-birinə baxa-baxa qalır. Sənətkarın ailəsi, yaxınları oturub xəbər gözləyirlər ki, harada dəfn edəcəklər?! Tanınmış aktyorların hamısı bir yerdə dəfn olunmalıdır. Onları sevən sənətkarlar da gəlib ziyarət etmək istəyirlər”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.
O daha sonra əlavə edib:
“Belə qəbirstanlıqlardan bütün dünya ölkələrində var. Bizdə niyə olmasın ki?! Mən Rusiyadakı qəbirstanlığa gedəndə içəri pulla keçmişəm. Papaninin məzarına baxmaq üçün pul vermişəm. O pulla oradakı işçilər dolanırlar və eyni zamanda qəbirstanlığı təmiz saxlayırlar. Yaşıllaşdırma, təmizlik idarəsi özü də maraqlıdır. Çünki gəlir var və iş yeri kimi hamı dolanır. Bir növ muzey kimi istifadə olunur”.
Sənətkar daha sonra mədəniyyət sahəsindəki problemlərə laqeyd qalmadığını bildirir:
“Çox danışanda elə bilirlər ki, sən Don Kixotsan, yel dəyirmanları ilə dava edirsən, başına hava gəlib. Adam bu dəqiqə dərdə də yana bilmir. Danışa da bilmir ki, deyəcəklər ki, sənə nə var, otur oturduğun yerdə də! Deyiblər də. Amma bu qədər laqeyd, biganə qalmaq olmaz axı! O aktyor mənim qanımdandır, mənim millətimdir, dinim imanımdır. Onun halına mən yanmasam, sən yanmasan, bəs kim yanacaq?”.

Geri qayıt