Əsas Səhifə > Güney Press > Şeyx Əbdül və bitməyən narazılıq akademiyası

Şeyx Əbdül və bitməyən narazılıq akademiyası


Bu gün, 12:27

Elə bilirəm, Şeyx Əbdülün kinoda ən böyük xidməti xüsusilə gənclərə bir şeyi öyrətməsidir: istedadın yoxdursa belə, yenə də illərlə ortalıqda qala bilərsən. Sadəcə çox danışmaq, çox incimək və hər dəfə “kino məhv olur” demək lazımdır.

O, yaşına görə yeganə ağsaqqallardandır ki, məsləhətlərinə qulaq asıb əməl edən insan məhv olar, nəinki kino.

Bəli, Şeyx Əbdül kinoda ağsaqqaldır, amma o ağsaqqallıq kənd ağsaqqallığına oxşayır. Hamıya məsləhət verir. Ancaq insanımız da sağ olsun, heç kim gizlində onun dediyini eləmir.

Razıyam, Azərbaycanda səsi olmayıb mahnı oxuyan da var, istedadı olmayıb aktyor-aktrisa olanlar da.

Şeyx Əbdüldə də bir qram şeyxlik yoxdur, ancaq belə olub.

Onun aktyorluğu barəsində də ciddi nəsə danışmaq olmur. Maraqlı və sevindirici haldır ki, Şeyx Əbdül heç kimin kumiri olmayıb. Heç bir gənc ona baxıb sənətə gəlməyib. Bir dəfə də olsun kimsə deyə bilməz ki, Şeyx Əbdülün filan roluna görə aktyor olmaq istədim.

Deyərdim ki, Şeyx Əbdülün kino haqqında dediyi bütün sözlərin əksi çox gözəldir.

Şeyx Əbdül o adamlardandır ki, kinonun gələcəyindən danışanda adamın kinoya ümidi yox, qorxusu artır.

Hərdən elə bilirəm, Şeyx Əbdülün adından maraqlı heç nəyi yoxdur. Adının qarşısından Şeyxi götürsək, Əbdül olaraq ümumiyyətlə heç nə ifadə eləmir.

Bir sözlə, onu nə aktyor kimi, nə də rejissor kimi sevmək olmur. Uzağı elə Şeyx Əbdül kimi sevə bilərsən. Buna da heç ehtiyac yoxdur.

Məncə, onun ən böyük bir istedadı küsülü görünməkdir. Adam elə bil səhər yeməyində inciklik yeyir. Hər çıxışında kimdənsə narazıdır. Rejissordan, aktyordan, gənclərdən, havadan, küləkdən, mikrofonun səsindən… Bir dəfə də desin ki, “hər şey yaxşıdır”, vallah, camaat təcili yardım çağırar.

Hesab edirəm, Şeyx Əbdül tam da istedadsız adam deyil. Məsələn, onun elə bir qəribə qabiliyyəti var ki, oturduğu yerdə havanı da yorar.

Şeyx Əbdül harda stol görsə, qaçıb oturmaq istəyən adamlardandır. Çünki kreslo ona çox olar.

Yeganə adamdır ki, kinonun təşəbbüsünü çəkəndə də adam əsəbləşir.

Şeyx Əbdül həmişə nəyəsə etiraz edir.

Kimsə Şeyx Əbdüldən tez tərpənib nəyəaə etiraz eləsə, Şeyx Əbdül həmin etiraza da etiraz edir.

Belə məsələləri şəxsən özü monopoliyaya götürüb. Elə bilir ki, “kinomuz məhv olur” sözünü ondan başqa heç kim deməməlidir.

Ancaq bunda sevindirici haldır ki, onun etirazlarının heç vaxt heç nəyə faydası olmayıb.

Ümumiyyətlə, Şeyx Əbdül çalışır ki, boş vaxtlarında nəyəsə əsəbləşsin.

Azərbaycan kinosunda yeganə adamlardandır ki, elə məsləhətlər verir, adam qulaq asandan sonra gedib peşəsini dəyişmək istəyir. Nəinki məsləhət, hətta adama motivasiya da versə, o deyil.

Onun motivasiya çıxışından sonra adamda yalnız iki hiss qalır:

Yorğunluq və yüngül təzyiq.

Orxan Saffari
Gununsesi.info


Geri qayıt