Əsas Səhifə > Güney Press > 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisiBu gün, 16:07 |
|
SEPAH-ın rəsmisi İbrahim Zülfüqari sosial şəbəkə platforması “X”-də ABŞ ilə bağlı sərt açıqlama verib. O, Vaşinqtonun yalnız güc dilini anladığını iddia edərək, dünya bazarında neft qiymətlərinin kəskin arta biləcəyinə işarə vurub. Zülfüqari “Neftin bir barelinin 200 dollara qədər yüksələ biləcəyinə hazır olun” sözləri ilə diqqət çəkib. Maraqlıdır, neftin qiymətinin 200 dollara yüksəlməsinin iqtisadiyyata hansı təsirləri olacaq? İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, neftin bir barelinin 200 dollara yüksəlməsi artıq bazar dalğalanması deyil, qlobal iqtisadi təhlükə siqnalıdır: "Müasir dünya iqtisadiyyatı enerji üzərində qurulduğu üçün belə bir qiymət artımı inflyasiya, istehsal xərcləri və logistika zəncirində ciddi təzyiq yaradacaq. Ən böyük risk də ondan ibarətdir ki, enerji bahalaşması qısa müddətdə ərzaq və gündəlik istehlak məhsullarının qiymətlərinə də birbaşa təsir edəcək. Xüsusilə enerji idxalından asılı ölkələrdə sosial və iqtisadi gərginlik arta bilər. Bu ölkələr sırasında Azərbaycan da var.Bu bahalaşma özü ilə birlikdə inflyasiya gətirəcək. 200 dollarlıq neft dünya iqtisadiyyatında resessiya riskini yüksəldər. ABŞ və Avropa kimi böyük iqtisadi mərkəzlərdə mərkəzi banklar inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz siyasətini sərtləşdirə bilər ki, bu da investisiya və istehlak aktivliyini zəiflədər". O qeyd edib ki,Azərbaycan kimi neft ixrac edən ölkələr müəyyən dövrdə əlavə gəlir əldə etsələr də, uzunmüddətli perspektivdə bu vəziyyət qlobal tələbin azalmasına və alternativ enerjiyə keçidin sürətlənməsinə səbəb ola bilər: "Yəni yüksək qiymət hər zaman dayanıqlı üstünlük demək deyil”. İqtisadçı qeyd edib ki, əgər belə ssenari reallaşarsa, bu, təkcə enerji bazarının deyil, ümumilikdə dünya iqtisadiyyatının balansını dəyişdirəcək ciddi geosiyasi və makroiqtisadi hadisə olacaq. Geri qayıt |