Əsas Səhifə > Güney Press > Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır

Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır


Bu gün, 11:00

“FinEx Kredit” BOKT ASC 2025-ci ili 1.37 mln. manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildə 1.26 min manat xalis mənfəət əldə etmişdi.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin audit hesabatında qeyd edilir.

Zərərin formalaşmasına əsasən kredit portfeli üzrə ehtiyat ayırmalarının artması təsir edib. 2025-ci ildə vaxtı keçmiş kreditlər üzrə 710.64 min manat, digər aktivlər üzrə isə 401.9 min manat ehtiyat yaradılıb. Xalis faiz gəlirləri illik müqayisədə 24 azalaraq 352.32 min manata düşüb. Faiz gəlirləri 17.8% azalaraq 570.72 min manat, faiz xərcləri isə 5.4% azalaraq 218.4 min manat təşkil edib. Şirkətin bölüşdürülməmiş zərəri ilin sonunda 705.87 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 0.2% azalma deməkdir.

“FinEx Kredit”in ümumi gəlirləri əsasən faiz və komissiya gəlirlərindən formalaşıb. Haqq və komissiya gəlirləri illik müqayisədə 7.6% azalaraq 113.65 min manat təşkil edib. Beləliklə, BOKT-nin əsas əməliyyat gəlirləri ümumilikdə 16.5% azalaraq 684.37 min manata enib. Eyni zamanda, ümumi və inzibati xərclər 8.4% artaraq 600.19 min manata çatıb. Haqq və komissiya xərcləri isə 3.99 dəfə artaraq 126.76 min manat olub.

2025-ci ilin sonuna “FinEx Kredit”in öhdəlikləri illik müqayisədə 68.1% azalaraq 841.73 min manata düşüb. Öhdəliklərin əsas hissəsini 587.87 min manatlıq buraxılmış borc qiymətli kağızları və 253.86 min manatlıq digər öhdəliklər təşkil edib. Bank kreditləri isə tam bağlanıb.

BOKT-nin cəmi aktivləri 50.9% azalaraq 1.86 mln. manata, aktivlərində əsas paya sahib kreditlər isə 2.72 mln. manatdan 1.96 mln. manata düşüb.

Ötən il səhmdarlar “öz cibindən” kredit təşkilatına 1.24 mln. manat əlavə yatırım etməklə kapital mövqeyini qorumağa çalışsa da, illik zərər kapitaldan yeyib və cəmi kapital 1.15 mln. manatdan 1.02 mln. manata enib. Əlavə olaraq, səhmdarlardan təqribən 880 min manat əlavə borc götürməli olub. Halbuki, öncəki ildə də 655 min manat BOKT-yə borc şəkilində pul qoymuşdular.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. BOKT-nin səhmlərinin 26,7 %-i Azad Cəbrayılova, 16,7 %-i Səməd Mirzəyevə, 16,5 %-i Ramina Allahverdiyevaya, 13,4 %-i Səadət Mirzəyevaya, 10,2 %-i Şəlalə Tağıyevaya, 7,5 %-i Tokay Şıxəlizadəyə, 3,6 %-i Rövşən Məmmədova, 2,3 %-i Mobil Şərifova, 2 %-i Xaqan Mirzəyevə, 1,1 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.


Geri qayıt