Əsas Səhifə > Güney Press > Rubionun İrəvan səfəri:

Rubionun İrəvan səfəri:


Bu gün, 17:05

ABŞ Dövlət katibi Marko Rubionun mayın 26-da Ermənistana səfəri başlanır.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Marko Rubionun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü nəzərdə tutulub. Bundan sonra nazirlər mətbuata çıxış edəcəklər.

Eyni zamanda, Ermənistan və ABŞ arasında ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Lakin jurnalistlərin suallarını cavablandıran Mirzoyan səfər çərçivəsində imzalanması gözlənilən sazişlərin detallarını açıqlamaqdan imtina edib. O, bu barədə məlumatın daha sonra ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Marko Rubionun Ermənistana səfərinin daha çox TRIPP layihəsi üzrə işlərə başlanılması ilə bağlı danışıqları davam etdirmək və bu istiqamətdə yeni razılaşmaları imzalamaq məqsədi daşıdığı ehtimalı üstünlük təşkil edir.

Bu baxımdan, Rubionun aparacağı danışıqlar ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralın 9-10-da Ermənistana səfərinin davamı kimi nəzərdən keçirilməlidir.

Xatırladaq ki, Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi üzrə aparılan işlərin gedişatını müzakirə etmək üçün ABŞ Dövlət Departamentinin və Maliyyə İnkişafı Korporasiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti mayın 12-də Ermənistanda səfər olub.

Amerikalı nümayəndələr Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla görüşüb. Tərəflər TRIPP layihəsinin tətbiqi ilə bağlı bir sıra əməliyyatları və hüquqi məsələləri müzakirə edərək razılığa gəliblər. Çox güman ki, Marko Rubionun səfəri zamanı sözügedən razılaşmalar üzrə sənədlər imzalanacaq.

Bundan başqa, Rubio və Mirzoyan arasında ABŞ sülh korpusunun Qərbi Zəngəzura yerləşdirilməsinə dair sazişin imzalanması da gözlənilir. ABŞ Dövlət katibinin İrəvana səfəri Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri baxımından da ciddi əhəmiyyətə malikdir. Ararat Mirzoyan bu səfərin seçkilərlə heç bir əlaqəsinin olmadığını desə də, ABŞ Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır.

Çünki qarşıdan gələn seçkilər Ermənistanda Qərbyönümlü Paşinyan komandası ilə Rusiyaya bağlı radikal müxalifət arasında rəqabət prosesi hesab edilir. Yəni seçkilərin nəticəsi yalnız Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi arxitekturasını dəyişə bilər.

Ermənistan müxalifətinin hakimiyyətə gələcəyi təqdirdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla sülhün yaradılması və kommunikasiyaların açılmasına dair imzalanmış imzalanmış bütün razılıaşmalardan, o cümlədən “Tramp marşrutu” layihəsindən imtina edəcəyi barədə açıq mətnlə verdiyi bəyanatlar məhz Moskvanın siyasi direktivlərini özündə ehtiva edir.

Ona görə də Marko Rubio Ermənistana səfər etməklə Tramp adminstrasiyasının ABŞ üçün strateji əhəmiyyət daşıyan TRIPP layihəsi məsələsində güzəştə getməyəcəyinə dair mesajı çatdırmaq istəyir.

Ümumiyyətlə, hazırda Cənubi Qafqazdan keçən və əsasən “Orta dəhliz”in seqmentlərini təşkil edən nəqliyyat-tranzit marşrutlarına nəzarət uğrunda Rusiya, ABŞ, Türkiyə, İran, Çin, Avropa İttifaqı, Britaniya kimi qlobal güclərin geosiyasi rəqabəti baş verir ki, “Tramp marşrutu”nun açılması ilə bu proses daha aktiv mərhələyə daxil ola bilər.

Qeyd edilən konyukturda Ermənistanda keçiriləcək seçkilərin nəticəsi mühüm təsirə malik olacaq. Rusiyanın Ermənistana siyasi, iqtisadi təzyiqlərinin artması fonunda ABŞ dövlət katibinin İrəvana səfəri Nikol Paşinyana dəstək kimi nəzərdən keçirilməlidir. Bu da öz növbəsində Paşinyan üçün böyük əhəmiyyət kəsb edir.

Dövlət katibi Rubionun səfərini zəruri edən səbəblər sırasında son dövrlər ABŞ ilə İran arasında baş verən müharibə və onun regional təsirləri də təhlil edilə bilər. ABŞ İranla həmsərhəd olan Ermənistanda geosiyasi mövqelərini möhkəmlətməkdə maraqlı görünür.

“Tramp marşrutu”nun Ermənistan-İran sərhədinə yaxın məsafədən keçdiyini nəzərə alsaq, hələ də Tehranla müharibə vəziyyətində olan ABŞ bu məsələyə həssas yanaşır. Çünki İran rejimi ABŞ-yə və beynəlxalq ictimaiyyətə qarşı təzyiq vasitəsi kimi regional nəqliyyat-tranzit dəhlizlərini bağlamaq, silahlı zərbələr endirmək taktikasına üstünlük verir.

Belə hallara yalnız Hörmüz boğazında deyil, Bab əl-Məndəb boğazında da rast gəlinib. Eyni zamanda, İran Zəngəzur dəhlizini özünün “qırmızı xətt”i elan edib. Əvvəldən bu dəhlizin açılmasına qarşı çıxan İran rejiminin ABŞ ilə müharibə şəraitində Vaşnqtonun geosiyasi və kommersiya maraqlarına cavab verən, eləcə də Prezident Trampın adını daşıyan bir nəqliyyat-ticarət dəhlizin reallaşmasına mane olmaq üçün təhlükəli vasitələrə əl ata biləcəyi istisna edilmir.

Bu baxımdan, ABŞ bölgədə təhlükəsizlik tədbirlərini ciddi təşkil olunmasında və İrandan gözlənilən təhdidlərin qarşısının alınmasında maraqlıdır.
Ona görə də Rubionun İrəvandakı qapalı danışıqlarda bu məsələni də ciddi müzakirə edəcəyi gözləniləndir.

Müşfiq Abdulla
“Cebheinfo.az”


Geri qayıt