Əsas Səhifə > Güney Press > Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər

Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər


Bu gün, 16:13

Seçkilər ərəfəsində Ermənistana qarşı pressinq siyasəti yürüdən Rusiya indi də rəsmi İrəvanı qazın qiyməti ilə hədələyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya etibarlı enerji daşıyıcıları tədarükçüsüdür, xüsusilə də tərəfdaşları üçün.

Lakin onun fikrincə, Ermənistan Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etmək qərarına gəlsə, İrəvanı cəlb edən güzəştli qaz qiyməti bazar prinsipləri əsasında formalaşmağa başlaya bilər. “Biz erməni rəhbərliyinin Rusiya qazına, Rusiya enerji daşıyıcılarına olduqca cəlbedici, hətta daha artıq güzəştli qiymətin mövcud olması ilə bağlı bəyanatlarını eşitmişik. Bu, həqiqətən də belədir - Rusiya bütün ölkələrə və xüsusilə ən yaxın müttəfiqləri və tərəfdaşlarına enerji daşıyıcılarının etibarlı və məsuliyyətli tədarükçüsü olaraq qalır”, - Kremlin nümayəndəsi vurğulayıb. Eyni zamanda, Peskov qeyd edib ki, “belə rejim digər inteqrasiyaların iştirakçıları üçün mümkün deyil” - bu isə “əlbəttə ki, Avropa İttifaqıdır”. “Orada qiymət kateqoriyası artıq tamamilə başqadır - bazar qiymətləridir. Bu, İrəvandakı dostlarımıza çox yaxşı məlumdur”, - deyə o əlavə edib.

Peskov “gələcək iqtisadi inteqrasiya yolunun seçilməsi məsələsini açıq sual” adlandırsa da, xatırladıb ki, Moskvaya səfəri zamanı Nikol Paşinyan “Ermənistanın Aİİ-nin tamhüquqlu üzvü olaraq qaldığını, lakin eyni zamanda xarici siyasətinin digər istiqamətləri, xüsusilə Avropa ilə münasibətlərini inkişaf etdirdiyini” bildirib. “Və Paşinyanın o zaman izah etdiyi kimi, müəyyən məqamda yekun qərar qəbul etmək lazım olacaq və bu, referendum vasitəsilə ediləcək. Yəni məhz erməni xalqı sözünü deyəcək”, - Rusiya liderinin mətbuat katibi yekunlaşdırıb.

Rusiyanın Ermənistana qaz təhdidi hara qədər təhlükə yarada bilər? Kreml erməni əhalinin etirazına gətirib çıxaracaq addımı atarmı? Söhbət Avropa qiymətlərinin tətbiqi nəticəsində erməni vətəndaşların büdcəsinə təsir edəcək addımdan gedir. Moskva-İrəvan münasibətləri nə vəd edir? Ermənistan çətin sınaqla üz-üzə qalsa, qaz tələbatını hansı ölkələr hesabına ödəyə bilər? Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı edə bilərmi?
Bütün bu suallarla müraciət etdiyimiz deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov Musavat.com-a qçıqlamasında bildirdi ki, Rusiya, Cənubi Qafqazda marağı olan ölkələrdəndir və Rusiya-Ermənistan münasibətləri də əslində fərqli dövrlərdə fərqli müstəvidə qiymətləndirilir:

“Son illərdə iki ölkə arasında münasibətlərin əvvəlki münasibətlər səviyyəsində olmaması müşahidə olunur. Təbii ki, biz Moskvadan mütəmadi olaraq verilən müxtəlif açıqlamaları müşahidə edirik. Amma sözsüz ki, bu, Rusiya-Ermənistan münasibətləridir, ikitərəfli münasibətlərdir. Hər halda münasibətlərin necə davam etməsi, hansı müstəviyə qədəm qoyması yenə də hər iki ölkənin mövqeyindən birbaşa asılıdır”.

V.Bayramov xatırlatdı ki, Azərbaycan hazırda 16 ölkəyə mavi qaz nəql edir: “Onlardan 12-si Avropa ölkəsi, 10-u isə Avropa İttifaqının üzvüdür. Azərbaycanın mavi qazını almaq istəyən ölkələrin sayında artım müşahidə olunur. Müraciətlərin sayı artır. O cümlədən Çexiya da Azərbaycan qazını almaqla bağlı müraciət etdiyini bildirib. Çexiya Azərbaycan təbii qazının alıcılarından birinə çevrilmək niyyətindədir, hal-hazırda xam neftin idxalçısıdır. Bir sıra digər ölkələr də Azərbaycanın mavi qazını idxal etməkdə maraqlıdırlar”.

Deputat qeyd etdi ki, Ermənistan da Azərbaycandan müəyyən məhsulları idxal edir: “Aydındır ki, “Cənub Qaz Dəhlizi” Gürcüstan üzərindən reallaşır. Gürcüstan üzərindən reallaşan “Cənub Qaz Dəhlizi” artıq nəinki Avropaya, eyni zamanda Türkiyə vasitəsilə Yaxın Şərqə belə Azərbaycan mavi qazını çatdırır. Ona görə istisna deyil ki, Ermənistan da Azərbaycan mavi qazını idxal etmək istəyən ölkələr sırasında olsun. Və təbii ki, bununla bağlı Ermənistan tərəfindən rəsmi müraciət olduğu halda, müəyyən qiymətləndirmələrin aparılması mümkündür. Eyni zamanda Gürcüstanın Ermənistana mavi qazı interkonnektor vasitəsilə necə nəql etməsi də infrastruktur baxımından vacib məqamlardır. Sözsüz, Ermənistanın da Azərbaycan qazını almaq istəyinin olması istisna deyil. Bütün bunlar iki ölkə arasında sülh müqaviləsinin bağlanmasından və dayanıqlı sülhün möhkəmlənməsindən birbaşa asılı olacaq”.

Musavat.com


Geri qayıt