Əsas Səhifə > Güney Press > Ermənistanın Rusiya qazına alternativləri
Ermənistanın Rusiya qazına alternativləriBu gün, 15:25 |
|
Rusiya növbəti dəfə Ermənistanı qazın qiyməti ilə təhdid edib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından ayrılarsa, İrəvanın hazırda istifadə etdiyi "güzəştli qaz qiymətləri" mövcud olmayacaq. Rusiya Ermənistana qazı hansı güzəştli qiymətlə satır? Rusiya qazı olmasa və ya da baha olsa Ermənistanın qaz təminatı üçün alternativləri varmı? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Dmitri Peskovun mesajı əslində Moskvadan İrəvana açıq siyasi xəbərdarlıq kimi qiymətləndirilir. Rusiya Ermənistanı təkcə təhlükəsizlik baxımından deyil, enerji vasitəsilə də öz orbitində saxlamağa çalışır: “Ermənistan isə qaz məsələsində Rusiyadan ən çox asılı ölkələrdən biridir. Hazırda Ermənistan Rusiyadan qazı təxminən 165 dollar/1000 kubmetr qiymətinə alır. Bu qiymət Gürcüstan-Ermənistan sərhədində formalaşır və uzunmüddətli hökumətlərarası razılaşmalarla qorunur. Moskva qiyməti 165 dollardan, məsələn, 300-350 dollar səviyyəsinə qaldırsa, Ermənistanın elektrik və istilik tarifləri kəskin arta, sənaye və kənd təsərrüfatı zərbə ala bilər, hökumət subsidiyalara milyardlarla dram əlavə vəsait ayırmalı olar. Ermənistan faktiki olaraq MDB məkanında Belarusdan sonra ən ucuz Rusiya qazını alan ölkədir”. Deputatın sözlərinə görə, enerji baxımından Ermənistanın qaz sistemi tam şəkildə Rusiyanın nəzarətindədir: “Qazprom”un törəməsi olan “Qazprom Ermənistan” həm idxalı, həm magistral xətləri, həm də daxili paylanmanı idarə edir. 2025-ci ildə Ermənistanın ümumi qaz istehlakı təxminən 2.7 milyard kubmetr olub. Bunun 2.23 milyard kubmetri Rusiyadan, təxminən 476 milyon kubmetri isə İrandan gəlib. Yəni Ermənistanın qaz təminatın təxminən 80-82%-i Rusiyadan asılıdır”. Ermənistanın Rusiya qazına alternativ variantının olub-olmadığına gəlincə, A.Hüseynov qeyd edib ki, formal olaraq alternativlərin olduğundan danışmaq mümkündür, amma praktik olaraq alternativ variantlar məhduddur: “Hazırda yeganə alternativ kimi İran qazından danışmaq mümkündür. Amma bu yetərli hesab olunmur. İran Ermənistana qaz verir, lakin bu kommersiya satışından çox qaz əvəzində elektrik sxemidir. Ermənistan İrandan aldığı hər 1 kubmetr qaz müqabilində təxminən 3 kVt/saat elektrik ötürür. Problem bundadır ki, İran-Ermənistan qaz kəmərinin maksimal gücü gündə təxminən 6 milyon kubmetrdir. Ermənistanın qış tələbatı isə 12-16 milyon kubmetr arasında dəyişir. Yəni İran texniki olaraq belə Rusiyanı tam əvəz edə bilmir. Üstəlik, İranın özündə qış aylarında qaz çatışmazlığı yaranır, şimal bölgələrinə qaz ötürməkdə problemlər olur, ABŞ sanksiyaları böyük həcmli enerji əməkdaşlığını çətinləşdirir. Bütün bunlar isə İranın Ermənistan üçün əsas qaz təchizatçısı rolunu üzərinə götürməyə imkan vermir. Son aylarda Ermənistanın Türkmənistan qazını İran üzərindən SWAP mexanizmi ilə almaq planları müzakirə olunur. Hətta 600 milyon–1 milyard kubmetr həcmindən danışılır. Amma qiymətin hələ razılaşdırılmadığı deyilir. İran üzərindən ötürüləcək qazın tranzit və siyasi risklər yüksək qiymətləndirilir. Digər tərəfdən türkmən qazı böyük ehtimalla Rusiya qazından baha başa gələcək. Ermənistanın qaz təminatında gələcəkdə Azərbaycan qazı da ön plana çıxa bilər. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa, dövlətlərarası əlaqələr qurulsa, regional kommunikasiyalar açılarsa Azərbaycan qazını ala bilər”. Geri qayıt |