Əsas Səhifə > Güney Press > Türk diplomat Paşinyanla bağlı çağırış etdi

Türk diplomat Paşinyanla bağlı çağırış etdi


Bu gün, 13:11

“Mən Türk Dövlətləri Təşkilatının (TDT) katibliyinin qurucusu, ilk baş katibi kimi bütün türk dövlətlərini, xüsusilə Azərbaycanı öz vətəni sayan türkəm. Türkiyə-Ermənistan sərhəd qapılarının açılması məsələsində anlaya bilmədiyim bəzi məqamlar var. Bunların koordinasiyalı şəkildə siyasət aparan Azərbaycan və Türkiyənin rəsmiləri tərəfindən aydınlaşdırılmasını istəməyə haqqımın olduğunu düşünürəm”.

Teleqraf xəbər verir ki, bunu TDT-nin keçmiş baş katibi, təqaüddə olan Türkiyə səfiri Halil Akıncı yerli mediaya deyib.

“Bu gün Türkiyə Ermənistanla birbaşa ticarət aparmağa başlayıb. Azərbaycan da Ermənistanla ticarətə icazə verib, hətta birbaşa yanacaqla təmin edir. Yəni Ermənistan artıq ehtiyaclarını sərhəd qapıları açıqmış kimi birbaşa qarşılamaq imkanına malikdir. Bu halda Türkiyə-Ermənistan sərhəd qapısının bağlı qalmasının sanksiya gücü nədir?”, - o bildirib.

Halil Akıncı qeyd edib ki, hər iki ölkə də Zəngəzur dəhlizini açmaq və ondan tezliklə faydalanmaq məsələsində qərarlıdır.

Sabiq diplomat əlavə edib ki, Ermənistanda Konstitusiya dəyişikliyi üçün Baş nazir Nikol Paşinyan və komandası iyunun 7-də keçiriləcək parlament seçkilərində qalib gəlməlidir:

“Əgər Zəngəzur dəhlizi bu dəyişiklik edilməzdən əvvəl fəaliyyətə başlasa, Türkiyənin sərhəd qapısı yenə bağlı qalacaqmı? Əgər belə olsa, bu dəhliz Türkiyəni keçərək Aralıq dənizi və Avropaya necə çatacaq? Ermənistanda baş nazirliyə namizədi kimi seçkilərə qatılacaq siyasətçilər arasında Konstitusiya dəyişikliyi vədi verən, bu mövzuda diaspor və kilsəni qarşısına almaqdan çəkinməyən Paşinyandan başqa biri varmı?

Azərbaycan-Ermənistan sülh sazişinin paraflandığı, Zəngəzur dəhlizinin tezliklə açılıb fəaliyyətə başlamasının qərarlaşdırıldığı bir durumda sərhəd qapısının məcburi şəkildə açılması sadəcə zaman məsələsi deyilmi? Əgər belədirsə, sərhəd qapısının Ermənistan seçkilərindən əvvəl açılıb Paşinyana dəstək verilməsinin nə kimi mənfi tərəfi var?”.


Geri qayıt